Bu barədə qərar iyulun 1-də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbədənkənar iclasında qəbul olunub. İclasda “Ukrayna borşunun hazırlanması mədəniyyəti” elementi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu, eyni zamanda Rusiya ilə Ukrayna arasında uzun illərdən bəri davam edən “Borş kimindir?” mübahisəsinə UNESCO tərəfindən nöqtə qoyulması deməkdir.
UNESCO-nun bu qərarı Rusiya-Ukrayna müharibəsinin qızğın çağında verməsi onun həm də siyasi mahiyyətli olduğunu göstərir.
“Borş üçün mübarizə hələ müharibədən əvvəl başlamışdı. Rusiya rəsmiləri üçün “ekstremizmin və nasizmin təzahürü” olan borşumuz indi rəsmi olaraq Ukraynanındır və UNESCO-nun himayəsi altındadır”, – deyə Ukraynanın mədəniyyət və informasiya naziri Oleksandr Tıkaçenko bildirib.
Ukrayna naziri qeyd edib ki, bundan sonra dünyada heç bir restoran öz menyusunda “borş, rus şorbası” kimi yemək adı qeyd edə bilməz. “Amma biz borşu və onun reseptlərini bütün sivil ölkələrlə bölüşməkdən məmnun olacağıq”, – deyə o əlavə edib.
Bu arada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da borşun Ukrayna milli yeməyi kimi UNESCO-nun siyahısına salınmasına münasibət bildirib. O xatırladıb ki, borş haqqında ilk yazılı qeyd XVI əsrdə Dansiq (indiki Qdansk) şəhərindən olan alman əsilli tacir Martin Qruneveqə məxsusdur. M.Qruneveq 1584–1585-ci illərdə qələmə aldığı yol qeydlərində borşu “Kiyevin rus əhalisinin yeməyi” kimi təqdim edib.
“Borş bişirən bütün Ukrayna ailələri artıq dünya mədəni irsini yeyirlər. Arzu edən hər kəsi qonaq edə bilərik. Amma vermərik...” – bunu isə Ukrayna xarici işlər nazirinin müavini Emine Cabarova (Krım tatarı) deyib.