– Cənab Veytz, Rusiya prezidenti Vladimir Putin zəngin təbii sərvətləri ilə tanınan Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın daxil olduğu beş Xəzəryanı dövlətlərin sammitində iştirak etmək üçün Türkmənistana səfər edib. Prezident Putin sammit zamanı Xəzəryanı ölkələr arasında əlaqələri gücləndirməyə çağırıb. Bunun Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Putinin ilk xarici səfəri olduğunu nəzərə aldıqda, sizcə bu görüşün əhəmiyyəti nədir?
– Məncə bir çoxumuz Ukraynadakı müharibənin Xəzər sammiti sessiyalarında dinamikanı dəyişib-dəyişməyəcəyini görmək istəyirik. Ən son keçirilən sammit sessiyaları nisbətən yaxşı keçib. Bizim əvvəlki sammitlərdə İran və digər tərəflər arasında şahid olduğumuz kimi böyük gəriginliklər olmayıb. Indi də Ukrayna müharibəsi fonunda, Rusiyanın qəzəbinə uğramaqdan narahat olduqları üçün daha çox gərginliyin olub-olmayacağını, ya da onların Rusiyanın müharibə səbəbilə zəiflədiyini və qarşılarında başqa seçimlərin olduğunu düşünərək daha çox müqavimət göstərib-göstərməyəcəkləri maraqlıdır. Xüsusilə də məni İranın nüvə danışıqları və Rusiyanın İranla yaxından əməkdaşlıq edib, onu daha çox öz orbitinə yaxın çəkməyə çalışması fonunda nə edəcəyi maraqlandırır.
Məncə həm də Əfqanıstan məsələsi də maraqlı olacaq. Biz Prezident Putinin Tacıkistanda Rusiyanın Əfqanıstana əlini uzatmaq istədiyinə dair bəyanatını eşitdik. Ona görə də, keçən sammitdən bəri nəyinsə dəyişib-dəyişməyəcəyini və bu dəyişikliyə Ukraynadakı müharibənin nə dərədəcə təsir etdiyini görmək maraqlıdır.
– Bəzi analitiklər iddia edirlər ki, Mərkəzi Asiya ölkələrinin Rusiyadan güclü asılılığı var və onlar nadir hallarda Kremlin hərəkətlərinə qarşı çıxırlar. Amma onlar həmçinin deyir ki, Ukrayna müharibəsi bu dinamikanı dəyişə bilər, çünki Qərbin Rusiya iqtisadiyyatını diz çökdürmək üçün tətbiq etdiyi sanksiyaların təsirləri tezliklə Mərkəzi Asiyada da hiss oluna bilər və nəticədə Mərkəzi Asiya ölkələri Rusiyanın təsir dairəsindən ayrılaraq digər regional oyunçulara yaxınlaşmağa çalışacaqlar. Buna münasibətiniz nədir?
– Mərkəzi Asiya, Xəzəryanı, bütün bu ölkələr Rusiyanın hərbi əməliyyatını tam dəstəkləməyiblər. Məncə yeganə istisna İrandır ki, Rusiyanı daha çox dəstəkləyib. Digərləri məsafə qoruyurlar. Onlar nə dəstək veriblər, nə də qarşı çıxıblar.
Ona görə də, məncə onlar Rusiyadan asılılıqlarını tarazlamağa çalışırlar. Sualınıza gəldikdə, məncə onlar Rusiyadan olan asılıqlarını azaltmaq istəyirlər, çünki sanksiyalar onlara dolayı ziyan vurur. Və əlbəttə ki, Rusiyanın sanksiya səbəbilə yaşadığı iqtisadi çətinliklər də onlara təsir göstərir. Məsələn pul köçürmə axını azalır, Rusiyada biznes imkanları azalır, ixracda çətinliklər yaranır. Məsələn Qazaxıstan beynəlxalq boru kəmərlərindən keçən neftinin Rusiya nefti ilə qarışmadığından əmin olmalıdır, çünki əks təqdirdə neftini satması çətinləşir.
Amma onlara bəzi faydaları da olub. Belə ki, bəzi rus sahibkarlar Rusiyadan qaçaraq, Xəzəryanı ölkələrdə biznes qurmağa çalışırlar.
Amma əsas sual odur ki, onlar bunu edə bilər mi? Çünki əsas alternativ Çindir. Qərblə əlaqə qurmaq bir çox səbəbdən indi çətindir. Mümkündür ki, enerji sektorunda buna cəhdlər görək. Bilirəm ki, Qərb Azərbaycanla enerji əlaqələrini daha da bərpa etməyə çalışır. Ancaq qeyri-enerji və ya hətta enerji sahəsindəki investisiyalar üçün ən əsan alternativ Çin olacaq. Çinlilər isə Rusiyanın hərbi əməliyyatlarını Xəzəryanı dövlətlərdən daha çox dəstəkləyirlər. Mən Çinin Rusiyanın üzləşdiyi çətinliklərdən nə dərəcədə sui-istifadə edərək bu ölkələri özünə cəlb etməyə çalışıb-çalışmayacağını bilmirəm. Amma bu artıq bir müddətdir təbii şəkildə baş verir, çünki onlar Şərq-Qərb boru kəmərlərini inşa edirlər.
– Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Azərbaycana səfər edib və prezident İlham Əliyevlə görüşüb. Onlar ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılmasını müzakirə ediblər.
Bəzi yerli analitiklər deyirlər ki, Rusiyanın indiki blokadasını nəzərə alsaq, onun Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığı çox əhəmiyyətlidir və Rusiya indi təkcə Azərbaycanla deyil, mümkün olan hər bir ölkə ilə münasibətlərini gücləndirməyə çalışır. Bununla bağlı nə deyə bilərsiniz?
– Bildiyiniz kimi, Rusiya ilə Azərbaycanın münasibətləri mürəkkəbdir. Onlar bu ilin əvvəlində əlaqələri gücləndirmək üçün yeni razılıq imzaladılar. Ancaq Azərbaycan Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməyib. Qarşı da çıxmayıb, dəstəkləməyib də. Məncə Rusiyanın orada “sülhməramlı” qüvvələrini saxlamaqda marağı var.
Ruslar həmin qüvvələrin bir hissəsini geri çəkərək Ukraynaya göndərə bilər, çünki canlı qüvvə çatışmazlığı yaşayır. Ona görə də düşünürəm ki, azərbaycanlılar bunu yaxından izləyirlər. Onlar hidrokarbon ixraclarının dəyərinin artmasından faydalanıblar. Amma anladığım qədərilə, onlar Moskva tərəfindən Avrasiya İttifaqına, bəlkə də hətta Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq üçün təzyiqə məruz qalırlar.
Məncə azərbaycanlılar yerləşdikləri ərazi baxımdan Rusiya ilə işləməli olduqlarını anlayırlar, ancaq xüsusilə də türklərlə, ancaq eyni zamanda Qərb ölkələri və bəlkə də bir az Çinlə də işləməyə çalışırlar ki, ənənəvi xarici siyasət avtonomiyalarını qoruyub saxlaya bilsinlər.
Onlar Moldova, Ukrayna və ya Gürcüstandan fərqli olaraq hazırda Rusiya tərəfindən hər hansı birbaşa hərbi təhlükə ilə üzəşmirlər. Ancaq kim bilir, hadisələr necə irəliləyəcək? Mən düşünürəm ki, onlar həm də İranla bağlı proseslərlə, İranın beynəlxalq iqtisadiyyata yenidən inteqrasiya olmasının və yaxud daha da təcrid olunmasının və Rusiyaya yaxınlaşmasının Azərbaycanının təhlükəsizliyinə iqtisadi mülahizələrinə necə təsir göstərə biləcəyini bilmək istəyirlər.
– Siz Qərbin, ABŞ və yaxud Avropa İttifaqının Moskvanın Ukraynaya hərbi müdaxiləsi kimi mümkün ssenarilərin qarşısını almaq üçün Rusiyanın Mərkəzi Asiya və Qafqaz regionunda nüfuzuna qarşı çıxmağa çalışacağını gözləyirsinizmi?
– Mən marağın artdığına dair hər hansı bir sübut görməmişəm. Biz növbəti günlərdə NATO sammiti səbəbilə daha çox şey öyrənə bilərik. Mənə NATO-nu strateji konsepsiyasında Orta Asiya və Azərbaycan haqda nələrin söyləndiyini bilmək maraqlı olar. Adətən onlara çox diqqət ayrılmır. Bəlkə də, NATO-nun genişləməsi isə və diqqətin Ukraynaya yönəlməsi ilə yenə də çox diqqət ayrılmayacaq. Bildiyimiz kimi, Avropa İttifaqı Cənubi Qafqaz və Orta Asiyada əməkdaşlıq fəaliyyətini azaldıb. Mən Qərbin hər hansı böyük bir təşəbbüsündən xəbərdar deyiləm. Məncə Orta Asiya və Qafqaz ölkələri bunu istəyərdilər. Onlar Rusiya və Çini balanslaşdırmaq üçün Qərbin daha böyük rol oynamasını istəyərdilər. Amma məncə tələb olsa da, Vaşinqton, Brüssel və başqa yerlərdə insanların bu qədər başqa problemlərin arasında diqqətlərini regiona yetirmələrini təmin etmək çətindir.