“Urmiya gölü can verir”, “Urmiya gölünün quruması Azərbaycanın məhv olması deməkdir” və digər şüarlar şəhərin bir çox məhəllələrinin divarlarına yazılıb.
Buna səbəb son günlər mütəxəssislərin Urmiya gölünün tamamilə məhv ola biləcəyi ehtimalı barədə səsləndirdikləri fikirlər, hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşmasıdır.
***
Urmiya gölünün quruması və hökumətin yaranacaq ekoloji fəlakətə laqeyd münasibəti Güney Azərbaycanda narazılıq yaradıb. Bir müddət bundan öncə Qərbi Azərbaycanın milli fəalları göllə bağlı qəbul etdikləri xəbərdarlıq bəyanatı qəbul edib.
Güneydən verilən məlumata görə, urmiyalı milli-mədəni fəallar bundan öncə sözügedən xəbərdarlıq bəyanatını çap edərək şəhərdə yayıblar.
Minlərlə bəyanatı şəhərin bütün bölgələrində yayan milli fəallar bununla bir daha Urmiya gölünün acınacaqlı və böhranlı durumuna diqqət çəkmək istəyiblər.
“Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmiya gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik.
Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.
Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmiya gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik”, –deyə, bəyanatda İran hökumətinə xəbərdarlıq edilib.
Qeyd edək ki, ekoloji ekspertlərin fikrincə, ötən illər ərzində ətraf mühitin və təbiətin dağıdılması, gölün çox hissəsinin quruyaraq səhraya çevrilməsinin səbəblərindən biri ölkə rəsmilərinin yarıtmaz siyasəti və düşünülmüş məsuliyyətsizliyi olub.
Urmiya gölünün duzlu səhraya çevrilməsi Azərbaycan şəhərlərində kənd təsərrüfatı sahələrinin, ətraf mühitin, təbii sərvətlərin, təbiətin məhv olmasına və bölgədə yaşayan milyonlarla insanda tənəffüs problemlərinin yaranmasına səbəb olub.
Mütəxəssislər durumun belə davam edəcəyi. gölün bərpası üçün əməli və təcili addımların atılmayacağı təqdirdə, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən milyonlarla insanın başqa bölgələrə köçü qaçılmaz olacaq.