«Neftqaztikinti» trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin təmir briqadası tərəfindən «Azneft» İB-nin «Neft Daşları» NQÇİ-də təmir işləri aparılarkən işçilərin üzərində olduğu ferma estakadadan qoparaq 4 nəfər işçi ilə birlikdə dənizə düşüb.
3 nəfər quraşdırıcı - Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı tibb-sanitar hissəsinə çatdırılıb, onların vəziyyəti hazırda normaldır. Suya düşənlərdən bir nəfəri - «Neftqaztikinti» trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşüb. Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunmuş, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi dənizdən çıxarılaraq sahilə göndərilib. Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlayıb.
***
03.16/2014. 22:01
ARDNŞ-in «Neftqazmatikinti» trestinin 7 saylı tikinti quraşdırma idarəsində estakadanın uçması nəticəsində 4 nəfər dənizə düşüb. Onlardan biri - Musa Hacıyev vəfat edib.
Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisi dedi ki, martın 16-na keçən gecə baş vermiş hadisə nəticəsində Səfədur Zəkəriyev, Mənsim İmanov və Mais adlı işçilər isə xəsarət alıblar: «Estakada həmin trestin deyil. Hazırda dəqiqləşdirmə aparırıq. Bu işdə məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır».
M.Qəhrəmanlı qeyd etdi ki, neft sektorunda baş verən qəzalara görə məsuliyyətli şəxsin cəzalandırılmaması cinayətlərin sayını artırır: «Martın 15-də «Qarasu OİL»da qəza nəticəsində çilingər-elektrik Oleq Siyasət oğlu Ağayev dunyasını dəyişdi. Quyuda təmir işləri aparılarkən kranın qarmağından qopan boru çilingərin başina dəyib. Son bir il ərzində bu şirkətdə baş verən üçüncü qəza hadisəsidir. Ötən ilin oktyabrın 3-də «Mişovdaq» istehsalat sahəsində fəhlələri aparan avtobusun aşması nəticəsində 18 nəfər xəsarət almışdı. Onlardan biri dünyasını dəyişdi, 4 nəfər isə əlil oldu. Avtobusun sürücüsü yataq xəstəsinə çevrilib. Bu ilin fevralında isə şirkətdə baş vermiş qəza nəticəsində isə neftçi Arif Həsənov xəsarət aldi. Quyuda təmir işləri aparılarkən stellaja yığılmış boru dağılıb və neftçinin qıçını sindirib».
Təşkilat rəhbəri qəzaların baş verməsində fəhlələrin günahkar çıxarıldığını vurğuladı.