Qubernator bildirib ki, Rusiyanın son 24 saat ərzindəki atəşləri nəticəsində 5 mülki şəxs həlak olub, 21 nəfər yaralanıb.
Ukrayna televiziyasına müsahibə verən mer Vadim Lyax əvvəlcə sakinləri qaçmağa çağırsa da, bir neçə saat sonra o, sakinlərə sığınacaqlarda gizlənməyi tövsiyə edib. Dörd aydan, Rusiyanın işğalından əvvəl şəhər əhalisi təxminən 107 min nəfər idi.
“Artilleriya artıq şəhəri vurur”, – deyə Lyax xəbərdarlıq edib və bazar ertəsi Rusiyanın atəşi nəticəsində 40 evin dağıdıldığını bildirib. “Facebook” səhifəsində Lyax çərşənbə axşamı bombaların şəhərin mərkəzi bazarına düşməsi nəticəsində bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını yazıb.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi qüvvələrinin Luqansk vilayətinə nəzarəti ələ keçirdiyini bəyan etdikdən sonra Ukrayna qüvvələri üçün mühüm təchizat məntəqəsi olan Slavyansk və Baxmut artıq Rusiyanın diqqət mərkəzinə çevrilib.
Ukrayna ordusu Rusiya qüvvələrinin bir gün əvvəl də Slavyansk yaxınlığındakı bir neçə şəhər və kəndini bombaladığını, lakin onların şəhərin 20 kilometr şimalındakı qəsəbəyə doğru irəliləməyə cəhd edərkən dəf edildiyini bildirib. Ukraynanın dediyinə görə, Rusiya qüvvələri şəhərin cənubundakı daha iki qəsəbəni və Kramatorsk yaxınlığındakı əraziləri atəşə tutmağa çalışır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı deyib ki, Ukraynada müharibə Putinin qarşıya qoyduğu bütün məqsədlərə nail olana qədər davam edəcək. Bununla belə, Şoyqunun sözlərinə görə, hazırda Moskva üçün “əsas prioritetlər” öz qoşunlarının “həyatını və sağlamlığını qorumaq”, eləcə də “mülki əhalinin təhlükəsizliyini təmin etməkdir”.
Müharibənin əvvəlində Rusiya Ukrayna prezidenti Vladimir Zelenski hökumətini devirə və ya paytaxt Kiyevi ələ keçirə bilmədikdən sonra gücünü şərqdəki sənayeləşmiş Donbas bölgəsini ələ keçirməyə cəmləşdirib.
Putin bazar ertəsi Ukrayna qoşunlarının Luqansk vilayətinin Lisiçansk şəhərindəki son istehkamından geri çəkildiyini və qələbə qazandığını elan edib.
Rusiya lideri bildirib ki, Luqanskda aktiv döyüşlərdə iştirak edən və uğur, qələbə qazanan hərbi birləşmələr dincəlməli, döyüş imkanlarını artırmalıdır.