Vaxt.Az

İrəvandan savaş anonsu


 

Ermənistan Azərbaycanı müharibə təhrik edir

İrəvandan savaş anonsu Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən alternativ yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilərin Laçını viran qoymağa başlamaqları azmış kimi Azərbaycana hədə-qorxu gəlməkdən də çəkinmirlər.

Ermənistan hazırda bölgədə vəziyyətin qarışması üçün əlindən gələni edir. Laçından çıxacaqlarını bilən ermənilər oradakı evləri, meşələri, obyektləri yandırırlar. Ermənilər eyni murdar davranışı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər.

Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması üçün zərurət ortaya çıxır. Əslində Ermənistan rəhbərliyinin də istədiyi elə budur. Nəticədə Azərbaycanın 10 noyabr bəyanatına uyğun davranmadığını, müddəaları pozan tərəf olduğunu bildirərək, beynəlxalq gücləri Bakının üzərinə qaldırsın.

Bu zaman belə bir sual ortaya çıxır: Dünya və maraqlı güclər bu baş verənlərə göz yumursa, Azərbaycana başqa çıxış yolu buraxılırmı?

Amma Qərb də, Ermənistana havadarlıq edən digər qüvvələr də anlamalıdırlar ki, Azərbaycan istənilən ssenariyə hazırdır. Ermənistan tərəfi 18 aydır ki, öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyibsə, Azərbaycan da həmin öhdəlikliklərdən imtina etmək hüququnu özündə saxlayır.

Diqqətlə nəzər salsaq görərik ki, Ermənistan rəsmilərinin və Qarabağdakı qondarma rejim mənsublarının son açıqlamaları, sərhəddəki silahlı insidentlər və proseslərin mümkün inkişaf perspektivi Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa seçim buraxmır.

Öncə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bildirdi ki, “Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk”. Bu Azərbaycana meydan oxumaq, son ilyarımda əldə olunan bütün razılıqlara, imzalanan bəyanatlara qarşı çıxmaq, onları pozmaq deyil, bəs nədir?!

Bu azmış kimi, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan əsgərinin nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırmaqları ilə bağlı qulağımıza çatan sözlər (qondarma rejimin separatçı rəhbəri Araik Arutyunyan: “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq”  – red.) hayları məcbur da olsaq növbəti Dəmir yumruqla tanış etməyimiz üçün əcəl dəvətidir.

Soyuq başla proseslərə nəzər saldıqca analamaq olur ki, bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq. Belə olacağı təqdirdə Azərbaycan kabinetindən nə vaxt çıxdığını, hara gedib, haradan gəldiyini belə çox yaxşı bildiyi Arayiki və onun kimi quldurları çox tezliklə Azərbaycan torpaqlarından digər çıxdıqları ünvana kimi qovacaqlar. (Milli.az)

 





07.07.2022    çap et  çap et