“Reuters” agentliyi bildirir ki, Rusiya və ona bağlı separatçı qüvvələr artıq Donetsk vilayətinin cənubunda nəzarəti tamamilə ələ alıblar.
Bu, qonşu Luqansk vilayətində Ukraynanın son istehkamı olan Lisiçanskın süqutundan sonra mümkün olub. Rusiya bu şəhəri nəzarətə ala bilsə də, indi Lisiçansk yalnız xarabalıqlardan ibarətdir.
Moskva bildirir ki, Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən tam çıxarılması onun “xüsusi əməliyyatının” əsas məqsədidir.
Donetsk və Luqansk vilayətlərini birləşdirən Donbas rayonu Ukraynanın ən sənayeləşdirilmiş ərazisidir, amma hazırda Avropanın ən böyük hərb meydanına çevrilib.
Ukrayna Müdafiə Nazirliyi iyulun 6-da bildirib ki, Rusiya qüvvələri Donetskin şimal cinahında Ukrayna ordusunu sıxışdırmağa çalışır.
Nazirliyin məlumatında deyilir ki, Rusiya qüvvələri öz mövqelərini yaxşılaşdırmağa çalışsalar da, bu ərazidə geri oturdulublar.
***
Luqanskın qubernatoru Sergey Qayday deyib: “Biz Luqanks və Donetsk vilayətlərinin sərhədində düşmən qüvvələrinin qarşısını almışıq. Lakin onlar Slovyansk və Baxmut şəhərlərini ələ keçirməyə çalışırlar”. O əlavə edib ki, Rusiya qüvvələri “nəhəng canlı itkilər” verir.
Slovyansk şəhərinin meri Vadim Lyaxın sözlərinə görə, şəhər ikinci həftədir ki, ağır bombardman edilir.
Özünün ənənəvi gecə müraciətində Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ölkə ordusu Rusiya qüvvələrinin silah anbarlarına, qərargahlarına və başqa logistika obyektlərinə ağır zərbələr endirir: “Nəhayət ki, Qərb artilleriyası, bizim partnyorlarımızdan aldığımız silahlar bütün gücü ilə işləməyə başlayıb. Bu silahların sərrastlığına söz ola bilməz”.
Rusiya eyni zamanda Donbas regionundan kənarda olan Xarkov üzərinə təzyiqi artırıb. Şəhər uzaqmənzilli top və raketlərin atəşinə məruz qalır.
Xarkov meri bu barədə deyib: “Rusiya Xarkovun ruhunu sındırmaq istəyir, amma buna nail ola bilməyəcək”. Merin sözlərinə görə Xarkovda hazırda bir milyonadək sakin var.