Bəyanatda deyilir:
“Son günlərdə yayılan bilgilərə və uzmanların etdiyi xəbərdarlıqlara görə Urmiya gölünün quruması faciəvi bir həddə çatıb və artıq geridönməz bir hal alıb.
Bütün mütəxəssislərin həmfikir olduğu məsələ budur ki, Urmiya gölü tamam qurusa başda Təbriz şəhəri olmaqla Güney Azərbaycanın böyük hissəsi yaşanılmaz bir hala gələcək.
Milyonlarla azərbaycanlı öz ana yurdundan didərgin düşəcək və bəlkə də Güney Azərbaycan tarix səhnəsindən silinəcək!”
“Millətimizin illərcə etdiyi tələb və etirazlara rəğmən İran rejimi Urmiya gölünü xilas etmək üçün heç bir praktik addım atmayıb. Verilən bütün vədlər yalan çıxıb, sözü verilən büdcələr ya ayrılmayıb, ya da ayrılan az bir vəsait rejim məsulları tərəfindən dağıdılıb.
Nəticədə Urmiya gölü ölüm aşamasına gəlib və ortada heç bir ciddi xilas planı yoxdur. Bəlkə də plan elə budur ki, Urmiya gölü qurusun və İrana hakim olan Fars faşizmi Güney Azərbaycan problemini bu yolla həll etsin!”, – deyə sənəddə bildirilir.
Güney təşkilatları hesab edir ki, gölün qurumasında günahın 70 faiz yanlış idarəetmədədir.
Bəyanatda bildirir ki, son durum təbii olaraq bu durum millətimizi dərindən qayğılandırır:
“Çünki bu vətənimiz və millətimiz üçün artıq gerçək bir ölüm – qalım məsələsi halına gəlib. Təbii ki, bu durumun həll yolları var. Amma elə görünür ki, İran rejiminin bu məsələni həll etməyə niyyəti yoxdur!
Bu səbəblə son günlərdə Güney Azərbaycanda millətimizin etiraz səsi hər keçən gün yüksəlir! Hər gün istər sosial şəbəkələrdə istər xiyabanlarımızda millətimizin etirazlarına şahid oluruq.
Keçən gün isə bir sıra Azərbaycan mədəni fəalı yurd içində yaydıqları bir bildirişdə açıqca bildirdilər ki, bu gedişlə artıq millətimiz xiyabanda öz etirazını dilə gətirəcək”.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi millətin Urmiya ilə bağlı etiraz hərəkatına dəstəyini ifadə edib:
“Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq bizdə yurd içindəki millətimiz və fəallarımızın səsinə səs veririk. İran rejimi ya günlər içərisində Urmiya gölünün qurtarılması ilə bağlı praktik addımlar atacaq ya da artıq millətimiz öz sivil və demokratik təpkisini xiyabanda ortaya qoyacaq!
Bu, rejimə açıq bir xəbərdarlıqdır”.
Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə üzv olan qurumlar:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.