Qlobal insan haqları qrupu cümə axşamı yaydığı hesabatda iddia edilən sui-istifadələri sənədləşdirərək, onların şərqi Nangarhar və Kunar vilayətlərində törədildiyini bildirib.
“Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Nangahar və Kunar sakinləri [2021-ci ilin avqust ayı ilə 2022-ci ilin aprel ayları arasında] kanallara və digər yerlərə atılmış 100-dən çox kişinin cəsədini aşkar edib” - deyə, hesabatda bildirilib.
Pakistanla həmsərhəd olan iki vilayət İslam Dövlətinin Əfqanıstan qolu olan Xorasan Əyaləti İslam Dövlətinin (İŞİD-K) bazalarına ev sahibliyi etməklə tanınır.
Hesabatda deyilir ki, Taliban qüvvələri bu ərazilərdə İŞİD-K üzvlərinə sığınacaq və ya onlara dəstək verməkdə ittiham etdikləri sakinlərə qarşı “təhqiredici axtarış əməliyyatları həyata keçirib”.
Gecə reydləri də daxil edilməklə, bu təhlükəsizlik tədbirləri zamanı guya sakinlər işgəncələrə məruz qalıb, kişilər qanunsuz və ailələrinə harada olduqları barədə məlumat verilmədən saxlanılıb.
“Belə görünür Taliban hökuməti iddia edilən militantları həbs etmək, “yoxa çıxarmaq” və öldürmək üçün öz qüvvələrinə tam ixtiyar verib”, – deyə “Human Rights Watch”un Asiya üzrə direktoru Patrisia Qossman bildirib.
Hesabatda cəsədlərin üzərində işgəncə və vəhşicəsinə edam sübutları olduğunu, bəzilərinin bədən hissələrinin və ya başı kəsildiyini, boyunlarında kəndir olduğu deyilib.
Talibanın baş sözçüsü Zabihulla Mücahid xəbəri əsassız sayaraq təkzib edib. O, yerli hakimiyyət orqanlarının bu şayiələri araşdırdığını, lakin Nanqarharda və ya digər ərazilərdə bircə dənə də olsun cəsəd tapmadığını deyib.