Putin Qərbi ittiham edərək bildirib ki, “Qərb bizimlə sonuncu ukraynalıya qədər döyüşmək niyyətindədir”.
O bunu Ukrayna xalqı üçün faciə adlandırıb, lakin əlavə edib ki, hazırda hadisələr “düzgün istiqamətdə” inkişaf edir.
Putin deyib ki, Rusiya hələki ciddi şəkildə heç bir hərəkətə başlamayıb.
Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri özünün ən sərt çıxışında Putin Ukraynanı dəstəkləyən müttəfiqlərə birbaşa xəbərdarlıq edib:
“Bugün biz eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə olar? Bacarırlarsa etsinlər”.
Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinin “əsassız və səbəbsiz” olduğunu bildiriblər.
Böyük yeddilərin (G-7) sammitində isə Ukraynadakı müharibənin “qanunsuz və haqsız” olduğuna dair bəyanat verilib.
***
Moskva iddia edir ki, onun Ukraynadakı “xüsusi əməliyyata” başlamasına Qərbin və NATO-nun Moskvaya təhlükəsizlik qarantiyası verməkdən imtina etməsi səbəb olub.
Rusiya Qərbi Ukraynanın əli ilə Moskvaya qarşı hücumda, Ukraynaya müasir silahlar verməkdə ittiham edir.
ABŞ və Qərb Ukraynaya qarşı təcavüzünə görə Rusiyaya geniş, misli görünməmiş və ağır sanksiyalar qoyublar.
İyulun 7-də etdiyi çıxışda Putin deyib ki, sanksiyalar iflasa uğrayıb və Qərb Rusiya cəmiyyətində ixtilaf və ruh düşkünlüyü yarada bilməyib.
O əlavə edib ki, kollektiv Qərbin dünyada öz nizamını qurmaq cəhdləri uğursuzluğa məhkumdur.
Putin bununla belə “danışıqlara hələ də imkan olduğunu” vurğulayıb: “Biz danışıqlardan imtina etmirik. Amma bundan imtina edənlər bilməlidirlər ki, bu davam etdikcə bizimlə danışıqlar aparmaq daha da çətin olacaq”.
Hazırda Ukrayna və Rusiya arasında heç bir danışıqlar aparılmır.