Vaxt.Az

Hicabsızlara qarşı hücumlar başlayıb


 

İranın böyük şəhərlərində yüzlərlə qadının saxlanıldığı bildirilir

Hicabsızlara qarşı hücumlar başlayıb İnsan haqları təşkilatları və sosial media fəallarının verdiyi məlumata görə, son bir neçə gün ərzində İranda tətbiq olunan hicab qaydalarını riayət etməməkdə günahlandırılan qadınlara qarşı hücumlar başlayıb və xüsusilə böyük şəhərlərdə yüzlərlə qadının həbs olunub.

Qadınlara qarşı zorakılıq üç gün öncə Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

İran parlamentinin Mədəniyyət Komissiyasının başçısı Əhməd Salek ölkənin əsas problemlərindən birinin hicabsızlıq olduğunu deyib və sel daşqınlarının, təbii fəlakətlərin qarşısının alınması üçün nəzərdə tutulan vəsaitlərin hicabsızlığa qarşı mübarizəyə xərclənməsini təklif edib.

Bununla yanaşı Tehran şəhər metrosunun rəsmisi Seyid Məhəmməd Nəqib şəhərdə, xüsusən metro kimi ictimai yerlərdə qadınları hicaba tam riayət etməyə təşviq etmək, habelə gənc qızlar arasında hicabı təbliğ etmək üçün, Tehran metrosunun 5 əsas stansiyasında “aşiqlik stansiyası” adlı qadınlar mərkəzinin təşkil edildiyini açıqlayıb.

İran hökumətinin “hicaba riayət etməmək” adı altında ölkədə qadınlara qarşı basqılarını sərtləşdirməsinin davamı olaraq, Millət Bankı təlimat hazırlayaraq xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.

Qeyd edək ki, İranın böyük şəhərlərindən gələn məlumatlara görə, küçələrdə nəzarətçi patrullar keçmişlə müqayisədə xeyli artıb.

Virtual məkanda istifadəçilər məmurların, əxlaq polislərinin yersiz iradlarına qarşı necə davranmaq, onları hansı yolla zərərsizləşdirmək barədə təcrübələrini paylaşırlar.

Sosial mediada keçirilən müzakirələrdə bildirilir ki, hökumət əhalinin diqqətini əsas sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.

 





08.07.2022    çap et  çap et