Vaxt.Az

Dünyanın 10 faizi acdır


 

Üçdə biri isə ərzaq qıtlığı ilə üzləşib

Dünyanın 10 faizi acdır 2021-ci ildə planetdə təxminən 2.3 milyard insan ərzaq çatışmazlığı ilə üzləşib, onlardan ən azı 702 milyonu acdır, yəni daimi əsasda qida azlığından əziyyət çəkir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq təhlükəsizliyi və qidalanma ilə bağlı hesabatında deyilir.

Hesabata görə, dünyada qadınların 31.9, kişilərin isə 27.6 faizinə vaxtaşırı qida çatmır. Üstəlik, COVİD-19 pandemiyasının başlanmasından bəri onlar arasındakı fərq 1 faiz artıb.

Bildirilir ki, 5 yaşdan kiçik təxminən 45 milyon uşaq yarıac-yarıtox yaşamın ölümcül formasından olan arıqlıqdan əziyyət çəkir – bu, bütün uşaqların 6.7 faizidir. Eyni zamanda, eyni yaşda olan 39 milyon və ya 5.7 faiz uşaqda piylənmə qeydə alınıb.

Vurğulanır ki, aclıqdan əziyyət çəkənlərin yarıdan çoxu Asiyada, daha üçdə biri Afrikada, qalanları isə Latın Amerikası və Karib hövzəsində yaşayır.

COVİD-19 pandemiyasının başlanğıcından bəri vəziyyət pisləşib və Ukraynadakı müharibə, iqlim dəyişikliyi səbəbindən ağırlaşmaqda davam edir, - BMT bildirir.

Habelə qeyd edilir ki, Rusiya ilə Ukrayna taxıl, yağlı bitkilər və gübrə istehsalı üzrə dünyanın iki ən böyük istehsalçısıdır. Müharibə beynəlxalq təchizat zəncirlərini pozub, taxılın, gübrələrin və enerjidaşıyıcıların qiymətini qaldırıb, nəticədə arıq uşaqlar üçün tibbi qidalanmanın qiyməti qalxıb.

Bundan əlavə, bildirilir ki, xüsusilə aşağı gəlirli ölkələrdə tədarük zəncirlərinə iqlim dəyişikliyinin səbəb olduğu ekstremal təbii hadisələr də təsir göstərir.

Bütün bu amillərin Yer kürəsində ərzaq təhlükəsizliyini təhdid etdiyi vurğulanır.

Hesabatın müəllifləri proqnozlaşdırırlar ki, qlobal iqtisadiyyatın bərpası şəraitində belə, 2030-cu ilə qədər dünyada insanların 8 faizi yenə də aclıq çəkəcək. Bu rəqəm BMT-nin aclıqla mübarizə proqramının qəbul edildiyi 2015-ci ilin məlumatları ilə müqayisə oluna bilər.

 





08.07.2022    çap et  çap et