Vaxt.Az

Qazancın yarıdan çoxu İsveçrədən gəlib


 

Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir

Qazancın yarıdan çoxu İsveçrədən gəlib Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR – “The State Oil Company of Azerbaijan Republic”) ötən ilin maliyyə hesabatını açıqlayıb. Hesabatda şirkətin dövriyyə və mənfəət həcmində ciddi artım qeydə alınması diqqət çəkir. Ötən il boyunca SOCAR-ın dövriyyəsi 56.3 faiz artaraq 77 milyard 500 milyon manata çatıb. Hesabata əsasən, şirkət ötən il neft məhsulları satışından 19 milyard 282 milyon manat, qaz satışından 7 milyard 74 milyon manat, neft-kimya məhsulları satışından 6 milyard 748 milyon manat gəlir əldə edib.

Hesabat dövründə şirkətin gəlirlərinin artımının əsas səbəbi dünya bazarlarında enerjidaşıyıcılar qiymətinin bahalaşmasıdır. Dünya Bankının hesablamalarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 69 dollar olub. Bu göstərici 2020-ci illə müqayisədə 67 faiz çoxdur. Şirkət rəsmi açıqlamasında gəlirlərinin artmasını neft qiymətlərinin bahalaşması ilə yanaşı, müəssisələrin bütünləşmiş fəaliyyəti və rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyərlə də əsaslandırıb.

Bütün bunların nəticəsində SOCAR gəlir marjasını 10.2 faizdən 11.4 faizə yüksəldib. Şirkətin əməliyyat mənfəəti isə 10 dəfə artıraraq 4.93 milyard manat olub. Beləliklə, şirkət ötən ili 2 milyard 120 milyon manat xalis mənfəətlə başa vurub. Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən bəri bir ildə qeydə alınan ən yüksək mənfəət göstəricisidir. SOCAR ötən il dövlət büdcəsinə 1 milyard 162 milyon manat həcmində mənfəət vergisi ödəyib. Xatırlatmağa dəyər ki, daha bir il öncə - 2020-ci ildə SOCAR 1 milyard 734 milyon manat zərərə uğramışdı.

SOCAR-ın maliyyə hesabatından aydın olur ki, ənənə pozulmayıb və yenə şirkətin gəlirinin başlıca bölümü İsveçrədə formalaşıb. Şirkət 2021-ci ildə İsveçrədəki fəaliyyətindən toplam 44 milyard 625 milyon manat gəlir əldə edib. Bu, SOCAR-ın ötənilki gəlirinin 58 faizə yaxını deməkdir. Başqa deyimlə, şirkət illik gəlirinin yarıdan çoxunu İsveçrədən qazanıb. SOCAR 2012-ci ildən bəri bu ölkədə fəaliyyət göstərir. İsveçrədə SOCAR brendiylə yanacaqdoldurma məntəqələri şəbəkəsi açılıb və beləcə, neft məhsullarının pərakəndə satışı gerçəkləşdirilir. İsveçrədəki törəmə şirkət “SOCAR Energy Switzerland” adlanır.

SOCAR İsveçrənin enerji bazarına 2011-ci ilin sonunda “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini 330 milyon dollara satın alaraq daxil olub. Həmin müqaviləyə görə, bu müəssisələr şirkətin sərəncamına keçib:

– 160-dan çox yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi;

– şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını aparır);

– Vanqen-Oltendəki qazdoldurma zavodu;

– Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri;

– terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri.

Hazırda SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayı 200-ü ötüb.

***

SOCAR-ın ən çox gəlir qazandığı ikinci xarici ölkə Türkiyə olub. 2021-ci ildə SOCAR-ın Türkiyədən əldə etdiyi gəlir 2020-ci illə müqayisədə 2.3 dəfə artaraq 17 milyard 567 milyon manat ekvivalentinə çatıb. “SOCAR Türkiyə” ötən il Türkiyədə fəaliyyət göstərən şirkətlər arasında ən çox ixrac aparan 8-ci şirkət olub. Türkiyədəki törəmə şirkət 2006-cı ildə qurulub və bu ölkədə neft emalı və neft-kimya sahələrində layihələr gerçəkləşdirmək, təbii qaz alış-verişi üçün yaradılıb. “SOCAR Türkiyə” həm də Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 faiz) malikdir.

Bu baxımdan, “Petkim” SOCAR-ın Türkiyədəki ən böyük aktividir. “Petkim”in törəmə şirkəti olan “Petkim Limancılık Ticaret A.Ş” Türkiyənin ən böyük üç limanından biridir və SOCAR bu terminala 400 milyon ABŞ dolları civarında investisiya yatırıb. SOCAR-ın bərpa olunan enerji sahəsində layihəsi sayılan “PETKİM” Külək Elektrik Stansiyasınınsa 51 MVt gücü var. Bu layihəyə 55 milyon avro sərmayə yatırılıb. Bundan başqa, 2018-ci ildə SOCAR-ın 6 milyard dollardan çox sərmayə yatırımıyla reallaşdırdığı “STAR” neft emalı zavodu istifadəyə verilib. Şirkət indiyədək Türkiyəyə toplam 16 milyard dollardan çox yatırım gerçəkləşdirib.

İsveçrə və Türkiyədən sonra SOCAR ən çox gəliri Azərbaycanda qazanıb (7 milyard 804 milyon manatı və ya gəlirlərin 10 faizi). Birləşmiş Ərəb Əmirliklərindəki fəaliyyətdən 2 milyard 223 milyon manat, Gürcüstandakı fəaliyyətindən 1 milyard 45 milyon manat gəlir əldə edilib.

SOCAR-ın xarici ölkələrdə ötənilki fəaliyyətində bir məqam da diqqət çəkir - şirkət iki şirkətdə payını satıb. Söhbət SOCAR-ın Özbəkistanda qeydiyyatda olan “Nefteqaztexnologiya” MMC-dəki 50 faizlik və Rumıniyada olan “AGRI LNG Project Company”dəki 33 faizlik payından gedir.

 





08.07.2022    çap et  çap et