Qəribovun bu ittihamlarına AZAL-ın cavabı gecikmədi. AZAL mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov saytımıza verdiyi açıqlamada məsələyə belə münasibət bildirib:
«Neftçi» ilə oyundan sonra Şakir Qəribov məşqçilərlə müqavilə imzalanmadığına dair fikir səsləndirib. Düzdü, Qəribov qeyd etməyib ki, məhz AZAL-da belə bir hal baş verir. O, ümumilikdə belə bir məsələni qaldırıb. Mətbuatda qeyd olunur ki, guya AZAL-da əvvəllər çalışmış məşqçilər müqaviləsiz işləyib. Bunu öz klubumuza qarşı hörmətsizlik hesab edirik. Bu, absurd bir məsələdi. Necə ola bilər ki, müqaviləsiz futbolda çalışasan? Müqavilə yoxdusa, həmin məşqçilər PFL-də qeydiyyatdan necə keçir? Bu, həm də AFFA və PFL-ə böhtandı. Belə çıxır ki, AZAL məşqçilərin adını PFL-ə deyir, onlar da qeydiyyatdan keçirir. Rəsmi olaraq bildirmək istəyirik ki, Nazim Süleymanovla Vaqif Sadıqov da AZAL-da müqavilə əsasında çalışıblar. Biz səslənən fikirləri heç cür qəbul etmirik. Nazim Süleymanov AZAL-da çalışanda bildiyim qədərilə avrokuboklardan sonra ona yeni müqavilə təklif olunacaqdı. Ancaq sonradan onun istefa verməsi məsələni gündəmdən saldı. Nazim Süleymanov AZAL-da çalışdığı müddət ərzində müqavilə ilə çalışıb. AZAL futbol klubunda 2005-ci ildən bu günə qədər çalışmış məşqçilərlə olan müqavilələrimizin hamısı klubun arxivində var. Biz bunu mətbuatda da işıqlandıra bilərik».