Əlimin altında ehtiyat materiallar vardı və həmin gün irəlicədən edilmiş tədarük baxımından bəlkə də başqa bir neçə verilişi hazırlamaq daha rahat başa gələrdi. Ancaq nədirsə ürəyim istədi ki, məhz böyük yazıçı və mərd insan Seyid Hüseyn haqda olan telehekayəti efirə hazırlayım.
Dünən iyulun 9-u idi və düz 85 il əvvəl – 1937-ci il iyulun 9-da Seyid Hüseynin həyatı bitmişdi.
Yəni həmin gün həlak olmamışdı. Onu o gün həbs etmişdilər. Bağdan gəlib aparmışdılar.
Və daha onun əlavə neçə gün, neçə həftə, neçə ay sağ qalmasının heç bir mənası yox idi.
Həmin gündən o ailəsindən, əzizilərindən, yazı masasından, qələmindən-kağızından əbədilik ayrıldı.
Parlaq bir ulduzu söndürdülər.
Düz 85 il əvvəl.
İndi kim deyər ki, bu, taleyin cazibəsi, ruhun hökmü deyil ki, mən məhz 2022-nin 9 iyulunda 10-11 saat fasiləsiz onunlaydım?!
Həmin verilişə oktyabr ayında baxa biləcəksiniz.
Allah Seydi Hüseynə, ömür yoldaşı Umgülsüm xanıma, övladlarına – dünyaya gözəlliklər yaratmaqçün gəlmiş və çox əzablar görmüş bu misilsiz insanlara rəhmət eləsin!