Vaxt.Az

Güneydə nəhəng kampaniya


 

Məhv olmaq üzrə olan Urmiya gölü ilə bağlı böyük hərəkat başladılıb

Güneydə nəhəng kampaniya Bu günlərdə İran Azərbaycanında ətraf mühit müdafiəçiləri, türk fəallar və sosial media istifadəçilərinin əsas gündəmi tamamilə məhv olmaq üzrə olan Urmiya gölüdür.

“Khabar Online” agentliyinin “Urmiya Gölü ölümlə boğuşur” başlığı altında yaydığı xəbərdə yazılanlara görə, Qərbi Azərbaycan vilayətinin regional su şirkəti 3 həftə əvvələ qədər Urmiya gölünün sahəsi, suyun səviyyəsi və həcmi ilə bağlı müntəzəm olaraq statistik məlumatlar yayırdı. Ancaq gölün vəziyyəti o qədər bərbad olub ki, artıq şirkət məlumatları dərc etməyi dayandırıb.

Sosial media istifadəçiləri, siyasi-ictimai fəallar və ətraf mühit müdafiəçiləri daxil olmaqla, müxtəlif qruplar bir neçə gün öncədən geniş bir kampaniya başladaraq diqqətləri Urmiya gölü ətrafında yaşanan ekoloji faciəyə yönəltməyə çalışırlar.

Tanınmış siyasi fəal Abbas Lisani şənbə günü mövzu ilə bağlı yayımladığı səsli mesajda İranda hakim olan “siyasi iradənin Urmiya gölünü öz mənfəətlərini təmin etmək üçün qurutmağa qərar verdiyini” önə çəkib.

İnsan haqları cəmiyyəti AHRAZ tərəfindən yayımlanan səs faylında Abbas Lisani deyir ki, gölü qurudaraq Azərbaycan coğrafiyasını çöllüyə çevirmək istəyirlər.

Cümə günündən bəri minlərlə sosial media istifadəçisi “Twitter”, “İnstagram”, “Clubhouse” və “Facebook” kimi sosial şəbəkələrdə Urmiya gölü ilə bağlı yazılar və görüntülər paylaşıb və söhbət otaqları təşkil ediblər.

Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi öz “Twitter” hesabında yazıb ki, Şərqi Azərbaycan vilayətinin Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyası Azərbaycan Ətraf Mühit Evi ilə birlikdə Urmiya Gölünün vəziyyəti ilə əlaqədar hökumət və məsul qurumlara qarşı iddia qaldırmaq üçün məhkəməyə müraciət edəcəklər.

 





10.07.2022    çap et  çap et