Vaxt.Az

“Airbus”ların iki təhlükəli enişi


 

Xəsarət alan yoxdur

“Airbus”ların iki təhlükəli enişi Son saatlarda texniki səbəblərdən iki “Airbus” tipli sərnişin təyyarəsi Bakı aeroportunda eniş edib. Hər iki halda xəsarət alan olmayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanı Mətbuat xidmətinin məlumatına görə, iyulun 9-da Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarə Bakı aeroportuna məcburi eniş edib. Təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.

Belə ki, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən “Airbus A330” təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Mətbuat xidməti bildirir ki, hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Mətbuat xidmətinin digər məlumatında deyilir ki, bu gün, iyulun 10-da “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Airbus A340” təyyarəsi Bakı vaxtı ilə saat 09.11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər otelə yerləşdirilib.

 





10.07.2022    çap et  çap et