Vaxt.Az

Hansı jurnalistimiz Fətullah Gülənlə məktublaşır?


 

Xəbərin qıt vaxtında...

Hansı jurnalistimiz Fətullah Gülənlə məktublaşır? Nurçuluq hərəkatı, yerli nurçularımızla bağlı xəbərlər çoxaldıqca dezinformasiya ustadı media nümayəndələrimizə də, necə deyərlər, gün doğdu.

Tanınmışlardan, siyasilərdən kimin Fətullah Gülən tərəfindən maliyyələşdirildiyini dəqiq deyə bilməsək də, Fətullah Gülənlə «məktublaşmağa» pis adət etmiş media nümayəndələrimizin olduğunu dəqiq deyə bilərik.

Belə ki, bir müddət əvvəl «İnci Azeri» adlı profilin yazdıqlarına istinadən xəbər verməyin uğursuz olduğunu görən media mənsubları fantaziya məhsulu olan məktublar yazmağa başlayıb. Belə məktublardan biri Qafqaz Universitetinin rektoru Ahmet Saniçin adından Fətullah Gülənə yazılmışdı. Maraqlısı budur ki, həmin məktubu yazan adam o qədər primitiv səhvlər etmişdi ki, yazanın nəinki Ahmet Saniç olmadığı, hətta Türk dilinin qrammatikasını bilmədiyi də rahat anlaşılırdı.

Digər məktub isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adından yazılmışdı. Məktubu yazan və göndərən unutmuşdu ki, «mail.ru» adlı elektron ünvanından çoxdandır ki, heç kim istifadə etmir. Elektron məktub Elnur Aslanovun adından «mail.ru» ünvanından, qeyri-müəyyən dildə Fətullah Gülənə göndərilmişdi.

Növbəti məktub isə Əhməd Səlim Uzunhancı adlı şəxs tərəfindən Fətullah Gülənə göndərilib. Məktubda Uzunhancı Azərbaycanda müxalifətin zəifləməsindən, AXCP sədri Əli Kərimlinin yerinə namizəd tapmasından «yazır».

Politoloq Fərhad Mehdiyev haqqında «dəhşətli faktlar «isə Əjdər Əliyev adlı elektron ünvanla xəbər portallarının ünvanlarına göndərilir. Əjdər Əliyevin kimliyi isə hələ ki, məlum deyil. Maraqlıdır, bütün bunlar kimə lazımdır? Media nümayəndəsi niyə öz-özü ilə məktublaşmalıdır? Buna iki səbəb ola bilər:

1. Hansısa blefi, konkret ünvanlı xəbərdarlığı üzərinə məsuliyyət almadan mediada yayımlamaq.

2. Xəbərin qıt vaxtında, yanğından, intihardan bezən oxucuya xəbər istehsal etmək.

 





18.03.2014    çap et  çap et