Çünki adətən belə hallarda Finlandiya, Sinqapur və ya Norveçdə yanacağın qiymətlərindən, daha doğrusu, benzinin satış qiymətlərindən bəhs olunur, Azərbaycandakı qiymətlərlə müqayisə edilir.
Lakin bu zaman elə həmin Finlandiya, Sinqapur və ya Norveçdəki orta aylıq əməkhaqqı, yaxud orta statistik vətəndaşın aylıq real gəlirinin məbləği unudulur.
O əməkhaqqı və gəlir məbləği isə Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir.
Fəqət, benzinin qiymətlərinin ucuz olmasını tələb edənlərlə benzin qiymətlərinin artımını əsaslandırmayaraq dəstəkləyənlərin mövqelərində nöqsanlar var.
Səbəb çox bəsitdir: hər iki tərəf gerçəyin sadəcə, bir yönünü və müstəvisini görür.
Həqiqət isə, fransız filosof Fransua Laroşfuko demişkən, “ortadadır”.
Dünya miqyasında COVİD-19 koronavirus pandemiyası başlanandan sonra çox qısa müddətə (1,5 həftə) qlobal yanacaq bazarlarında benzinin müxtəlif markalarının qiymətlərində geriləmə müşahidə olundu.
Pandemiyaya görə lokdaunlar, qapanmalar, məhdudiyyətlər elan edilərək tətbiq olunmuşdu. Zavodlar, fabriklər çalışmırdı, insanlar evdə idi, “Evdə qal!” şüarı ilə yasaqlar gerçəkləşirdi, SMS rejimin sərt şərtlərinə riayət istənilirdi.
Amma bütün bu məhdudiyyətlərə rəğmən, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər və Oman istisna olmaqla, dünyanın bütün ölkələrində (!) müxtəlif markalı benzinin topdan və pərakəndə satış qiymətlərindəki azalma tezliklə dayandı.
Dünya bazarında xam neftin satış qiymətləri çox baha olduğundan benzinin əsas növlərinin və dizel yanacağının da bahalaşması yaşanır.
“Azərbaycan neft hasil edən ölkədirsə, niyə benzin bahalaşmalıdır?” – bu sual səslənir. Demaqoji təsir bağışlasa da, həmin suala cavab verək.
Azərbaycanda Aİ-95 markalı və daha yüksək oktan ədədli benzin hələlik istehsal olunmur. 95-dən aşağı oktan ədədli benzin markalarının satış qiymətləri isə sabitdir və dünya bazarlarındakı qiymət artımlarından asılı olmayaraq, dəyişmir.
Aİ-95 markalı benzini Azərbaycan idxal edir və bu markalı benzinə ölkədə tələbat çox deyil, çünki sözügedən markalı benzindən lüks seqmentinə daxil olan avtomobillərin sahibləri istifadə edirlər. Əsas nəqliyyat yükdaşımaları isə Aİ-92 markalı benzin və dizel yanacağı vasitəsilə gerçəkləşdirildiyindən, Aİ-95-in bahalaşması orta statistik vətəndaşın rifah səviyyəsinə hər hansı formada mənfi təsir etməyəcək.
Dəqiq olsaq, ölkədə benzinə olan ümumdaxili tələbatın 91 faizi Aİ-92-nin, 8,8 faizi Aİ-95-in, cəmi 0,2 faizi isə Aİ-98-in payına düşür.
Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır.
Azərbaycanda dizelin pərakəndə satış qiyməti dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin orta satış qiyməti bir litrə 1,43 dollar təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 faiz, Rusiyadan 102 faiz, Gürcüstandan 236 faiz, Türkiyədən isə 238 faiz daha ucuzdur.
Bundan başqa, Aİ-95 benzini ölkəyə idxal olunduğundan onun satış qiymətləri Nazirlər Kabineti və SOCAR tərəfindən tənzimlənmir. Yəni dünya bazarlarında Aİ-95 bahalaşırsa, Azərbaycanda da onun satış qiymətləri artır.
Aİ-95-in ölkə daxilində satış qiymətlərinin dinamikasına baxsaq, 2020-ci ilin fevral-may ayları arasında bu markalı benzinin pərakəndə satış qiymətinin 1,5 manatdan 1,1 manatadək azaldığını görərik.
Lakin indi dünya bazarlarında xam neftin qiymətləri çox yüksəkdir.
Belə ki, “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124 faiz, ötən 1 ildə isə 68 faiz artıb.
Ötən ilin sentyabrından bəri ölkədə Aİ-95 markalı benzin 1,6 manatdan satılır ki, bu da 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7 faiz və ya 0,1 manat çoxdur. Dünya bazarlarında isə Aİ-95-in orta statistik satış qiyməti 1,47 ABŞ dollarına bərabərdir.
Qonşu ölkələrə gəldikdə isə, Gürcüstanda bu benzin 1,35, Ermənistanda - 1,27, Türkiyədə - 1,5, Rusiyada isə 0,96 dollardan satılır.
Yəni ölkəmizdə Aİ-95 markalı benzinin satış qiyməti dünya miqyaslı orta pərakəndə satış qiymətlərindən 2,47 dəfə aşağıdır. Qiymətlər isə durmadan artır. 2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə isə 51,7 faiz artıb. ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7 faiz artaraq 1,33 dollara yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir.
2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 oktan benzinin satış qiyməti müvafiq olaraq 22,7 faiz və 25,3 faiz artıb. Dizel yanacağına gəldikdə isə, bu ilin mart ayından etibarən Qazaxıstanda dizel 12,4 faiz, Türkiyədə - 57,8 faiz, Gürcüstanda - 59,8 faiz, Rusiyada isə təqribən 70 faiz artıb.
Bəs problemdən çıxış yolu varmı?
Var, təbii ki. Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurulması layihəsi çərçivəsində cari ildə Avro-5 standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı nəzərdə tutulur. Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyon tona yüksələcək.
Dünya iqtisadiyyatına inteqrasiya edilmiş istənilən ölkədə olduğu kimi, Azərbaycan da həmin iqtisadi qanunlarla yaşayır və qlobal bazarlarda qiymət dəyişikliklərini sadəcə, nəzərə almaya bilməz.
Qlobal miqyasdakı resessiyanın, iqtisadi geriləmənin də bizdən yan keçəcəyini düşünmək sadəlövhlük olardı.
Hər şeyə rəğmən, ABŞ-da və Avropa Birliyindən tutmuş, Çinə, Yaponiyaya və Avstraliyaya qədər bütün ölkələrdə dizellə benzinin fasiləsiz bahalaşdığı şəraitdə Azərbaycan ölkədəki neftayırma zavodlarında istehsal edilən benzinlə dizel hesabına qiymətləri nisbətən stabil saxlaya bilib.
Bəli, Azərbaycan neft hasilatçısıdır.
Lakin dünyanın ən böyük neft istehsalçıları olan ABŞ və Səudiyyə Ərəbistanında belə, hətta sanksiyalar altında qalaraq neftini satmaqda çətinlik çəkən Rusiya və İranda belə, dizel yanacağı və benzin bahalaşır.
ABŞ-da situasiya ümumiyyətlə, ağırdır: amerikalılar 1 qallonu 5 dollardan benzin almaq məcburiyyətində qaldıqlarına görə çox narazıdırlar.
İranda və ya Venesuelada da eyni vəziyyətdir. Faktlar inadkardır, danılmazdır.
Həmin tərs faktlar isə bir daha göstərir ki, Azərbaycan əlahiddə planet yox, dünya iqtisadiyyatının tərkib hissəsidir.