Vaxt.Az

... Hökumət, satıcı, yoxsa ekspert?


 

Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...

... Hökumət, satıcı, yoxsa ekspert? Bazar ertəsinin maraq doğuran xəbəri odur ki, Azərbaycanda yüksək oktanlı benzinlərin qiymətinin arta biləcəyinə dair ANONİM (heç bir mənbəyə istinad edilmədən) məlumatlar dərc edilir.

Adətən Azərbaycan praktikasında onunla rastlaşırıq ki, qiymət artımının doğruluğunu istehlakçılara çatdıran yazılar hadisə baş verəndən sonra gündəmi zəbt edir. Və bu zaman bir tərəf deyir ki, qiymət artımı qaçılmaz idi, razılaşmayanlar isə “neft ölkəsinin xarici bazardan asılılığının” inandırıcı olmadığını söyləyirdilər.

Tutaq ki, bu gün-sabah qiymət 10-20 qəpik artdı. Yəni mümkündür. Çünki adətən belə olur.

Mən adət etmədiyimiz məqamlara toxunmaq istərdim ki, qiyməti qaldıranla o qiymətdə mal alan arasında narazılıq əvəzinə başadüşülən bir vəziyyət hasil olsun. 

Bu halın baş verməsi üçün isə neft məhsulları bazarı ilə bağlı bir sıra məsələlərə İŞIQ salınmalı və onların hamılıqla görünməsi (anlamlı qavranılması) təmin edilməlidir.

1. Ai-95 və Ai-98 markalı benzinlərin Azərbaycanın daxili bazarında qiymətinin 10 qəpik artması (və ya azalması) üçün xam neftin qiyməti nə qədər dəyişməlidir;

2. Xam neftin qiymətinin dəyişməsi ilə Azərbaycanın idxal etdiyi benzinin birja qiymətləri arasında əlaqə;

3. Azərbaycan yüksək oktanlı benzinin əsas hissəsini Rusiyadan idxal edir, bu ölkədə sanksiyalarla bağlı Ai-95 markalı benzinin topdansatış qiymətləri artım əvəzinə azalma nümayiş etdirib. 2022-ci ilin yanvarında Ai-95-in 1 tonunun Sankt-Peterburq birjasında orta qiyməti 55 min rubl olmuşdusa, iyun ayında 40,7 min rubla qədər azalma nümayiş etdirib.

4. Sonuncu dəfə Ai-95 və Ai-98 markalı benzinlərin qiyməti 2021-ci ilin 15 sentyabr tarixində dəyişdirilib. O zaman “Brent” markalı neftin qiyməti 75 dollar ətrafında ticarət edilirdi. Düz 3 ay sonra neft təqribən 4 faiz ucuzuna satılırdı. 2022-ci ilin ortasında isə “Brent” 94 dollara qədər bahalaşmışdı. Ukrayna müharibəsi başlayandan sonra neft 100 həddini aşdı və martın 8-də 130 dollara ticarət edilirdi. Yəni bazar qaydalarından çıxış etsəydik, hələ yanvarın sonunda Azərbaycanda idxal benzininin qiymətləri dəyişməli idi. Çünki Rusiyada belə topdansatış qiymətləri maksimuma çatmışdı. Sonrakı iki ayda xam neftin qiymətləri ilin maksimumunu yaşadı. Amma ölkəyə idxal edilən benzinin qiyməti dəyişmədi. 

İyunun 8-9 tarixlərində “Brent” mayla müqayisədə xeyli artım nümayiş etdirərək hər bareli üçün 123-125 dollar həddinə çatdı. Amma ayın sonunda 108-109 dollara ticarət edilirdi. 

İyulda isə ilk günlər hərraclara 111 dollarla başlayan “Brent” bu gün 107 dollar ətrafında satılır. Ayın 6-7 tarixlərində isə 98-99 dollara qədər eniş edib, çünki dünya iqtisadiyyatının artım templərinin xeyli azalacağına dair yeni proqnozlar verilmişdi.

5. İdxal benzinin Azərbaycanda qiyməti artmalıdırmı? Statistikaya görə bəli. Amma niyə indi? Bunun izahını hesab edirəm iki qurum açıqlamalıdır:

– İqtisadiyyat nazirliyi

– SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

Məhz bu qurumlar kommersiya sirlərinə toxunmadan geniş istehlakçı auditoriyasına faktlarla (ədəbi-bədii cümlələrlə yerli KİV-lərdə verilən izah göründüyü kimi qənaətbəxş olmadı) açıqlaya bilər ki, niyə, nədən və indi bu addım atılır.

Yalnız bundan sonra ekspertlər, o cümlədən bəndəniz şərh edə bilər ki, göstərilən arqument və faktlar nə dərəcədə İNANDIRICI idi…

 





11.07.2022    çap et  çap et