Kanada hökuməti isə iyulun 10-da bəyan edib ki, “Şimal axını-1” qaz kəmərinin təmir olunmuş turbinini Almaniyaya qaytaracaq.
Turbin əvvəlcə Almaniyaya göndəriləcək, daha sonra kəmərin operatoru “Gazprom”a transfer olunacaq. Beləliklə də Kanada Qərbin Rusiyaya sanksiyalarını pozmayacaq.
“Gazprom” ötən ay “Şimal axını-1” kəmərinin gücünü normal səviyyənin 40 faizinə qədər azaldıb, Almaniyanın “Siemens Energy” şirkətinin Kanadada təmir etdiyi avadanlığın qaytarılmasında yubanmanı buna səbəb göstərib.
Moskva iyulun 8-də deyirdi ki, turbin qaytarılsa Avropaya qaz tədarükü artırılacaq.
***
“Şimal axını-1 üzərində iş çoxdan planlaşdırılırdı. Ancaq qərbdə bəziləri xəbərdarlıq edirlər ki, Rusiya Prezidenti Vladimir Putin enerji təchizatından siyasi silah kimi istifadə edə bilər.
“Putin qaz kranını bağlayacaq… ancaq onu yenidən açacaqmı?” – Almaniyanın “Bild” qəzeti vebsaytında yazır.
“Görünməmiş vəziyyətlə üzləşmişik – hər şey mümkündür”, – Almaniyanın vitse-kansleri Robert Habek “Deutschlandfunk” radiosuna deyib.
“Qaz yenidən, əvvəlkindən də çox axa bilər. Heç nə gəlməyə də bilər. Ən pis ssenariyə vicdanla hazırlaşmalı, vəziyyəti idarə etmək üçün mümkün olanı etməliyik”, – o vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın nefti və qazından siyasi təzyiq kimi istifadə etmədiyini deyib, kəsilməni mütəmadi, planlaşdırılmış tədbir adlandırıb.
“Şimal axını-1” Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya ilə 55 milyard kubmetr qaz nəql edir.
***
Moskva bir sıra Avropa ölkələrinə qaz tədarükünü kəsib, çünki onlar qaz üçün rublla ödənişdən imtina ediblər.
Almaniya Rusiyadan enerji idxalından çox asılıdır, Rusiyadan qaz axını uzun müddətə kəsilərsə, iqtisadiyyatının resessiyaya girəcəyi haqda xəbərdarlıq edib.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan Almaniya Rusiya qazından asılılığı azaltmağa çalışıb, mayeləşdirilmiş təbii qaz limanlarının tikilməsi də bir variantdır.
Kəmər uzun müddətə açılmasa, Rusiya iqtisadiyyatı da onun ağrısını hiss edəcək.
Almaniya Rusiyanın Ukraynaya hücumuna görə cəza olaraq “Şimal axını-2” qaz layihəsini dayandırıb. Yarısı “Gazprom”a məxsus bu layihə çərçivəsində Rusiya qazının Almaniyaya ixracını ikiqat artırmaq planlaşdırılırdı.