İyulun 8-9-da isə Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ənənəvi müşavirəsi təşkil edilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, müşavirənin ilk sessiyası ADA Universitetində XİN-in rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, AR Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirakı ilə gerçəkləşib.
ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, müşavirənin işinə uğurlar arzulayıb.
Müşavirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülən tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakımız, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Müşavirə çərçivəsində diskussiyalar panel müzakirələri şəklində davam edib.
İyulun 9-da diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib.
İlk paneldə azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri mövzusuna həsr edilmiş paneldə xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonu (Şuşa şəhəri istisna olmaqla) üzrə nümayəndəsi Emin Hüseynov tərəfindən təqdimatlar olub.
Növbəti paneldə Heydər Əliyev Fondunun təşəbbüsü və XİN-in dəstəyi ilə ərsəyə gələn nəşrin – Gürcüstan Milli Muzeyinin direktoru, professor Eldar Nadiradzenin rəhbərliyi ilə gürcü alimləri tərəfindən hazırlanmış, Qarabağ xanlığının arixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib.
Tədbirdə alman türkoloq Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı haqqında da məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən bu kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb.