Vaxt.Az

TƏBİB əhaliyə müraciət edib


 

Qurum son vaxtlar yoluxmada artımları nəzərə alaraq vətəndaşları diqqətli olmağa çağırıb

TƏBİB əhaliyə müraciət edib Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasına yoluxmada artımları nəzərə alaraq, əhalini diqqətli olmağa çağırıb. TƏBİB-in məlumatında deyilir ki, iyulun 11-i Dünya Əhali Günüdür. Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10 milyon 173 min 178 nəfər olub.

“Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır”, məlumatda deyilir.

TƏBİB qeyd edir ki, dünyada indiyədək 6,37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9719-dur.

“Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq: Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın, başqaları ilə aranızda ən az bir metr məsafə saxlayın, telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin, qapalı məkanları tez-tez havalandırın, kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin”.

Bundan əlavə TƏBİB müraciət edir ki, ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (buster) doza ilə peyvəndlənin.

Ötən həftə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib ki, son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib.

Xatırlatma:

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Bununla yanaşı, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilib:

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

 





11.07.2022    çap et  çap et