Milli təhlükəsizlik müşaviri Cek Sallivan iyulun 11-də jurnalistlərə deyib ki, Vaşinqtonda İranın Rusiya qüvvələrinə dronlardan istifadə üçün təlim keçməyə hazırlaşdığını göstərən informasiya var.
***
Bu arada fevralın 24-də işğala başlayan Rusiya ordusunun böyük itkilər verəndən sonra silah arsenalını saxlamağa çalışdığı haqda məlumatlar gəlir.
“İran hökuməti Rusiyaya sürətləndirilmiş qrafiklə bir neçə yüz PUA, o cümlədən silahlı PUA-lar göndərməyə hazırlaşır”, – Sallivan vurğulayıb.
“Bizdə olan məlumata görə, İran Rusiya qüvvələrinə bu PUA-lardan istifadə üçün təlim keçməyə hazırlaşır, ilkin təlimlər iyulun əvvəlində başlamalıydı”, – o söyləyib.
Sallivan Tehranın indiyədək Rusiyaya pilotsuz aparatlar verib-vermədiyinin bəlli olmadığını bildirib.
***
Sallivan deyib ki, bu, Rusiyanın Ukraynanı kütləvi bombalayandan sonra “öz silah ehtiyatını qorumaq” cəhdinin əlamətidir. Moskva Kiyev ətrafından qüvvələri çəkəndən sonra Ukraynanın şərqində möhkəmlənməyə çalışır.
Milli təhlükəsizlik müşaviri onu da qeyd edib ki, İran Yəməndəki husi üsyançılara da oxşar dronlar verib. Bu ilin əvvəlində atəşkəs elan ediləndən öncə həmin dronlarla Səudiyyə Ərəbistanına zərbələr endirilib.
Ukrayna müharibəsində dronlar hər iki tərəf üçün vacib rol oynayır.
Kiyev Türkiyə istehsalı Bayraktar döyüş dronlarından uğurla istifadə edir. Vaşinqton və digər müttəfiqlər Ukraynaya daha kiçik dronlar da göndəriblər.