Vaxt.Az

Təqsirkarlar cəzalandırılmalıdır


 

Qazilərimizə qarşı məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına böyük zərbədir

Təqsirkarlar cəzalandırılmalıdır İkinci Qarabağ savaşı qələbə ilə başa çatandan sonra qazilər arasında intiharların ola biləcəyi ilə bağlı cəmiyyətdə müəyyən müzakirələr gedirdi. O zaman bu intiharların daha çox “post-müharibə” sindromu, psixoloji səbəblərlə əlaqəli ola biləcəyi vurğulanırdı.

Amma hazırda qazilərin intiharı ilə bağlı formalaşan statistika tam ayrı mənzərəni üzə çıxarıb. Artıq 35-dən çox vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı məlumatlar yayılır. 

Bu intiharların psixoloji məqamlarla bərabər, daha çox sosial problemlər, yaşayış vəziyyəti, dolanışıqla və məmur özbaşınalığı ilə bağlı olduğu qeyd olunur.

Bütün bunlar çox düşündürücüdür.

Qalib ölkə üçün, qalib əsgər və zabitlər üçün bu, belə olmalı deyildi.

Düşünürəm ki, dövlət ciddi olaraq qazilərin artan intihar məsələsini araşdırmalıdır. 

İntiharların kütləviləşməsi bu məsələdə cəmiyyət üçün qaranlıq məqamların olduğunu göstərir.

Nə üçün axı onların problemləri həllini tapa bilmir?

Düşünürəm ki , hökumət maraqlı tərəfləri, müstəqil qurumları cəlb etməklə bu məsələni kökündən araşdırıb cəmiyyətə hesabat təqdim etməlidir.

Təqsirkarlar cəzalandırılmalıdır.

Hökumət qazilərin gələcək həyatı ilə bağlı, dövlət himayəsi ilə bağlı, sosial məsələlərinin kökündən həlli ilə bağlı ağlabatan bir mexanizm, yol xəritəsi müəyyən etməlidir. İctimai nəzarət imkanları yaradılmalıdır.

Xatırlayıram ki, müharibədən sonra bir istiqamətdə müəyyən addımlar atıldı, xüsusi fondlar yaradıldı, yerli icra qurumlarında xüsusi şöbələr yarandı. Lakin görünür ki bütün bunlar yetərli deyil. 

Fikrimcə cəmiyyət də bu problemə daha həssas yanaşmalı, problemi diqqətdə saxlamalıdır.

Yeri gəlmişkən, qazilərin intiharı, müharibə iştirakçılarına məmur biganəliyi və sayğısızlıq gənclərimizin vətənpərvərlik duyğularına da böyük zərbədir!

Düşünürəm ki , bu problemin həllində məmur özbaşınalığının qarşısının alınması üçün, daha çevik və effektiv qərarların qəbulu üçün sərt tədbirlər görülməlidir.

 





12.07.2022    çap et  çap et