Vaxt.Az

Ayda 5134 dollar təklif olunur


 

Moskva müharibəyə Tatarıstan işsizlərini cəlb edir

Ayda 5134 dollar təklif olunur Rusiyada əmək birjasında işsizlik qeydiyyatında olan işsizlərə müqavilə bağlayaraq Ukrayna müharibəsinə yollanmaq təklif edilir. Rusiyanın “Vajnıye istorii” təhqiqat saytı yazır ki, bu məqsədlə işsizlərə ayda 300 min rubl (5134 dollar) maaş təklif olunur. Bu barədə məlumatı sayta belə bir təklifi almış şəxs verib.

Həmin şəxs bildirib ki, ona may ayında zəng edərək məşğulluq mərkəzinə gəlməsini xahiş ediblər. Şahid qeyd edir ki, onunla eyni gündə mərkəzə daha 8 nəfər gəlmişdi.

Əvvəlcə onlara adi vakansiyalar təklif olunub. Bundan sonra isə onları bir-bir xüsusi otağa çağıraraq hərbi sirrin yayılmamasına dair iltizam imzalamalarını tələb ediblər.

***

Şahidlərdən biri hərbi sirrin yayılmasının hüquqi nəticələri barədə maraqlananda rəsmilər deyiblər ki, bu məsələ ilə FTX məşğul olur. Amma həmin şəxsdən iltizamı imzalamasını tələb etməyiblər.

Bundan sonra həmin şəxsə ayda 300 min rubl maaşlı iş təklif olunub. O bu təklifdən imtina edib. Həmin mənbə sayta bildirib ki, o müharibə əleyhinədir və 21-ci əsrdə insanların bir-birlərini necə öldürməsini başa düşmür.

“Vajnıye istorii” saytı dəqiqləşdirib ki, məşğulluq mərkəzində əslində sözü gedən şəxslərə Ukrayna müharibəsinə yollanmaq təklif edilib. Onlara hərbi komissarlığa getməyi və orada müqavilə imzalamağı tövsiyə ediblər.

Sayt bundan əvvəl xəbər verirdi ki, Ukrayna müharibəsinə məhkumlar və fəhlələr cəlb edilir. Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır.

 





12.07.2022    çap et  çap et