Vaxt.Az

«Nobel söhbətini bağlamışam»


 

«Əlavə şərhə ehtiyac varmı?»

«Nobel söhbətini bağlamışam» Yazıçı Əkrəm Əylisli Nobel sülh mükafatına namizəd göstərilməsinə verilən reaksiyalara münasibət bildirmək istəmir.

O, «Media forum» saytına deyib ki, bu mövzunu özü üçün bağlayıb: «Amma indi təzədən qızışdığından, şər-böhtanı oxuyanda hələ 16-17 yaşımda yazdığım bir qoşma yadıma düşür. Həmin qoşma o zaman qəzetdə dərc olunmuşdu. Özü də bir müddət dildə-ağızda gəzirdi. Ancaq heyf ki, qəzeti saxlamamışam. Şeirin əlyazması da məndə qalmayıb. Amma bir bənd – sonuncu dörd misrası hələ də yadımdadır:

 

Ellərin ürəyi sirdaşım olsun,

Qələm - dərd, mürəkkəb - göz yaşım olsun,

Qanan da, qanmaz da qardaşım olsun,

Dad-həzar yarımçıq qanan əlindən.

Əlavə şərhə ehtiyac varmı? Məncə, yoxdur».

2012-ci ilin sonlarında Əkrəm Əylislinin «Daş yuxular» əsəri çap olunub. Əsərdə Ermənistan-Azərbaycan münaqişəsindən bəhs olunur. Yazıçının yanaşması Azərbaycanda ciddi narazılıqlara səbəb olub.

Ötən il fevralın 7-də prezident İlham Əliyev yazıçı Əkrəm Əylislinin «Xalq yazıçısı» fəxri adından və prezident təqaüdündən məhrum edilməsi haqda sərəncamlar imzalayıb. Sənədlərdə qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırıb, uzaq və yaxın tarixi keçmişə qara yaxıb.

2014-cü ilin mart ayının əvvəlində isə dünyanın bir qrup yazıçısı, alimi və ictimai xadimi Əkrəm Əylislini Nobel sülh mükafatına namizəd irəli sürüb.

 





19.03.2014    çap et  çap et