Vaxt.Az

Beşikdən məzara qədər oxunan Sabir


 

“Kim ki, insanı sevər, aşiqi-Hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur”

Beşikdən məzara qədər oxunan Sabir Babam sünni, nənəm şiə, dürək mən, Nə farsam mən, nə hindəm mən, türək mən.

Bu bizik?!

Bu gün bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi sayılan, vicdanımızı yoxlayan, güldürübən ağladan, “molla nəsrəddin”çi, maarifpərvər şair Mirzə Ələkbər Sabirimizin vəfat günüdür. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur.

Peyğəmbərimiz demişdir: “Beşikdən qəbir evinə qədər oxuyun”. Bax, Sabir o şəxslərdəndir ki, analarımızın laylasında, hələ heç məktəb partasında oturmazdan ta ölən günümüzə qədər onu öyrənirik, dediklərini uşaqlarımıza öyrədirik. Hərdən fikirləşirəm ki, Sabir görən, niyə görə gəlmişdi dünyaya?! Cavab var: Şeir yazmağa 43 yaşında başlasa da gəldi ki, xalqın ruhunu sabunlasın ...

...M.Ə.Sabir xalqının mahir bir loğmanı, cərrahı, filosofu, həm də inqilabi satiraçısıdır. Əruz vəzninin ən oynaq bəhrlərində yazan şair Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında bu gün də xüsusi yer tutur. Onun istədiyi ancaq xalqın intibahı uğrunda çalışmaqdan, onu qəflət yuxusundan ayıltmaqdan ibarət olmuşdur. Öldürücü satiraları ilə vicdanlara təsir edərək xalqını oyatmağa çalışıb.

 Onun haqqında həmişə danışılıb, danışılır və danışılacaq Həqiqət isə budur ki, onun dedikləri, yazdıqları bu gün də realdır və caridir. Və zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirə bilməyib. Dediyim kimi “Sabir bütün şeirlərində zalimlərə zərbə vurmuş, məzlumların dadına çatmaq istəyib. Sabirin, “Hop-Hop-namə”sinin, elə “Molla Nəsrəddin”in bu gün də aktual olması həm də onun böyüklüyündəndir.

İlk dəfə Sabirin yazdıqlarını “Hophopnamə” şəklində çap etdirən Abbas Səhhət deyirdi : “Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da. Zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirməmişdir”.

O, bir hürr şairi idi desəm yanılmaram və düşünürəm ki, Milli, Dini və Demokratik dəyərləri özündə inanılmaz səviyyədə, Demokratiyanı isə dünyada bəlkə heç kim belə qısa və lakonik verməyib: “Kim ki, insanı sevər, aşiqi-Hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur”.

Sabun bişirib insanları təmiz olmağa çalışan şairin “Sabir” adının mənası “dözümlü” olsa da özü çox səbirsiz oldu naqisliklərə... “Daş qəlbli insanları neylərdin, ilahi“, dedi...

Maddi vəziyyəti həmişə ağır olub. Bu mənada yenə də Abbas Səhhətin “Xatirələrim”inə müraciət edirəm. Abdulla Şaiq ikinci görüşdəki maraqlı bir müşahidəsini belə bölüşür: “Sabir orta boylu, … arıq bir kişi idi. Qara arxalığı, qara küləcəsi var idi. Ayağına burnu dik, dabanı yumru başmaq geyinmiş, başına qara dəridən papaq qoymuşdu. Barmaq qalınlığında saqqal buraxmışdı. Söhbətimiz zamanı onun dükanına bir nəfər də olsun alıcı gəlmədi. Bu fikir zehnimizə gəlincə böyük ailə sahibi olan Sabirin maddi vəziyyətinin yəqin ki, çox ağır olduğunu düşünərək biixtiyar:

– Sabir, bizim ayağımız uğursuzdur, – dedim, – bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib, o halda siz nə alıb-satırsınız?

Sabir gülə-gülə dedi:

– O sizin ayağınızdan deyil! Bu avam camaatın daxilini təmizləmək gəlmir əlimdən, heç olmasa, zahirini təmizləyim deyə gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları bu təmizlikdən də qaçırlar…” (Abdulla Şaiq, “Xatirələrim”, “Xan” nəşriyyatı, Bakı – 2013, səh 235-236) https://azlogos.eu/.../fbclid=IwAR0ZMrmTNExHsocZ...

Sabir oğlunun dünyaya gəlməsini belə xatırlayırdı: Anamın əvvəllər böyük bir dərdi vardı. Demək olar ki, hər il ramazan ayında bizim arvad bir qız doğardı. Səkkiz qızımız olduğu halda, oğlumuz heç yox idi. Odur ki, anam hər dəfə qız doğulanda qara geyinər, yasa batardı. Qonşu arvadları gəlib ona başsağlığı verərdilər ki:

– Neynək, ürəyin sıxma, canın sağ olsun, Allah qoysa gələn səfər oğlan olar...

...Buna görə də anam nəzir edib tez-tez Kərbəlaya gedərdi ki, mənim oğlum olsun. Axır ki, inişil (1909-cu ildə) yenə ramazan ayında, bizim bir oğlumuz oldu. Anam sevincindən yerə-göyə sığmadı. Yetim-yesirləri sevindirdi. Çox fikirdən sonra onun adını Məmmədkazım qoydu...

Xalqına son dərəcə bağlı insan olub. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: ... ”Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.

Axır günlərini yaşayan şair öləcəyini bilirdi və yazırdı:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

Əslində vaxtsız vəfatına başlıca səbəb qaraciyər xəstəliyi və həkimlərə “Mənim qarnım portmanat deyil ki, istədiyiniz kimi açıb-qapayasınız; bəlkə kəsdiniz, əmələ gəlmədi”, – deyərək cərrahiyyə əməliyyatından qorxması olur. Həm də o vaxtkı Şamaxı camaatının nadanlığından şikayət edər, “mənim ciyərimi onlar yara ediblər” deyərdi...

...Belə bir fikir də var ki, görəsən, niyə görə “Bu nəslin ardı niyə gəlmədi? Dövr dəyişdi, yoxsa şərait yetişdirmədi? Kütləmi irəli səhnəyə çıxdı?“ Bəli, kütlə şəxsiyyətlərdən qabağa düşdü. Daha doğrusu saldılar ...Sovet ideologiyasına görə “tarixi şəxsiyyətlər və şəxslər yox, xalq yaradır” fikri təbliğ olunurdu. Elə bu səhv düşüncə də sonrakı bəlalarımızın əsasını qoydu. hamını “bərabərləşdirmək” tərəzisinin gerçəklikləridir ki, bu gün də deyirik: “Biz heç dəyişməmişik, əksinə, geri düşmüşük”

Sonda

“Müsəlmanam, paxılam, sevmirəm millətimi.
Kəsilməli başımdır, kəsdilər sünnətimi”

deyən Sabirə və həm də axundun minbərdən “Ona salam vermək də haramdır” deyilən Sabirə Allahdan rəhmət diləməklə onun şərh bölümündəki “Fəxriyyə”sini bir daha oxumağınızı xahiş edirəm...

Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq.
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Sabir xalqını ,millətini tənqid etməklə xalqını xilas etmiş oldu Və bu gün xalqın, millətin və dövlətin hər uğurunda Sabirin payı qədərsizdir.

 





13.07.2022    çap et  çap et