Vaxt.Az

«Şahdəniz-2» üçün 6 müqavilə


 

Konsorsiumların işləri qrafik üzrə planlaşdırılmış qaydada davam etdirir

«Şahdəniz-2» üçün 6 müqavilə Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri konsorsiumları «Şahdəniz-2» və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihələrinin işlənməsi üçün əsas müqavilələri imzalamaqla işləri qrafik üzrə planlaşdırılmış qaydada davam etdirir.

«BP Azərbaycan»dan musavat.com-a verilən məlumata görə, həm layihə idarəetmə xidmətlərini, həm də tikinti işlərini əhatə edən bu müqavilələr 17 dekabr 2013-cü il tarixində elan edilmiş yekun investisiya qərarlarından sonra gerçəkləşib. Bu müqavilələrin bağlanması layihənin icrası qrafikinin əsasını təşkil edir və mühüm işlənmənin çoxsaylı sahələrində əldə edilən irəliləyişə əlavədir.

2013-cü ilin dekabr ayında elan edilmiş üç iri müqavilənin imzalanmasından sonra 2014-cü ilin əvvəlindən bu vaxtadək «Şahdəniz-2» çərçivəsində aşağıda göstərilmiş bir sıra əsas müqavilələr imzalanıb:

 

- CQBKG layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsinə dəstək üçün 528 milyon dollar dəyərində olan müqavilə «Bechtel International Inc.» və «ENKA İnşaat ve Sanayi A.Ş.» şirkətlərindən ibarət «Bechtel Enka» birgə müəssisəsinə verilib. Bu müqavilənin iş həcminə 16 km-lik giriş yolunun, iki 120 meqavatlıq kompressor stansiyasının, təzyiq azaltma və ölçmə qovşağının tikintisi daxildir. Bu işlərin 2018-ci ildə başa çatdırılacağı gözlənilir.

 

- CQBKG layihəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri üçün müqavilə «Chicago Bridge & Iron UK Limited» (CB&I) şirkətinə verilib. Bu müqavilənin dəyəri 174 milyon dollar təşkil edir və müqavilə üzrə işlərin 2018-ci ildə başa çatdırılması gözlənilir.

 

- Sualtı qurğuların və boru kəmərlərinin mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətlərinin ilkin mərhələsi üçün 57 milyon dollar dəyərində müqavilə «Wood Group Kenny Limited» (WGK) şirkəti ilə bağlanıb.

 

- Dəniz platformasının yaşayış blokunun mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri üçün müqavilə «Apply Emtunga» şirkətinə verilib. 32 milyon dollar dəyərində olan bu müqavilə çərçivəsindəki işlər 2017-ci ildə başa çatdırılmalıdır. Yaşayış blokunun yığılması və istismar sınaqları Bibiheybət ərazisində yerləşən ATA tikinti-istehsalat sahəsində həyata keçiriləcək. Platformaların üst modulları da yerli resurslardan istifadə etməklə burada inşa ediləcək.

 

- CQBKG layihəsinin beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri üçün 26 milyon dollar dəyərində olan müqavilə «DrillTec GmbH» şirkətinə verilib. Bu müqavilə çərçivəsində işlərin 2016-cı ildə başa çatdırılacağı gözlənilir.

 

- CQBKG layihəsinin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması üzrə müqavilə «CSM Bessac» şirkətinə verilib. Dəyəri 24 milyon dollar olan bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir.

 

Şahdəniz layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: «Biz bu müqavilələri elan etməkdən məmnunluq duyuruq. Onlar dekabr ayında elan edilmiş yekun investisiya qərarından bu vaxtadək nail olduğumuz əhəmiyyətli irəliləyişin əsasını təşkil edir. Bu müqavilələrin vaxtında imzalanması, həmçinin «Şahdəniz» və CQBK layihələrində bizimlə işləyəcək şirkətlərin keyfiyyəti bizdə inam yaradır ki, bu mühüm layihələr vaxtında və büdcə daxilində həyata keçiriləcək və ilk qaz 2018-ci ilin sonlarında əldə ediləcək. Bu miqyasda işlənmələr çox sayda şirkətlər arasında sıx tərəfdaşlıqların qurulmasını tələb edir və biz qarşıdan gələn bir neçə il ərzində bütün bu şirkətlərlə sıx əməkdaşlıq edəcəyimizə inanırıq».

Bu müqavilələrin imzalanması Cənub Dəhlizi layihələri üzrə əldə olunmuş irəliləyişi tamamlayır. Dənizdə İstiqlal qazma qurğusu yatağın şimal hissəsindəki sonuncu quyuda qazma işlərini başa çatdırıb. Bu isə o deməkdir ki, «Şahdəniz-2» üçün artıq beş hasilat quyusu qazılıb. Heydər Əliyev adına qazma qurğusunda modernləşdirmə və təkrar sertifikatlaşdırma proqramı uğurla başa çatıb və bu qazma qurğusu yatağın qərb hissəsində aparılan qazma işlərinə qayıdıb. Hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması üçün bu iki qazma qurğusu Şahdəniz yatağında öz fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, dayaq bloklarının hazırlanması üçün poladın ilk partiyası Bakıya 2013-cü ilin dekabr ayında, platformaların üst modullarının hazırlanması üçün ilk polad isə Bibiheybət ərazisində yerləşən ATA tikinti-istehsalat sahəsinə 22 fevral 2014-cü il tarixində gətirilib. «Şahdəniz-2» üçün inşa olunacaq iki platformanın üst modullarının inşası, barjaya yüklənməsi, dənizdə sazlanması və istismara verilməsi işləri üçün 974 milyon dollar dəyərində olan müqavilə «AMEC MMC», «Tekfen İnşaat ve Tesisat A.S.» və «Azfen» birgə müəssisəsindən ibarət «AMEC-Tekfen-Azfen» (ATA) konsorsiumu tərəfindən həyata keçirilməkdədir.

 





19.03.2014    çap et  çap et