Vaxt.Az

Müxalifətin deputat mandatları alına bilər


 

Köçəryanla Sərkisyanı partiyalarını Ermənistan parlamentindən qovurlar

Müxalifətin deputat mandatları alına bilər Ermənistanda ən böyük müxalifət fraksiyası olan Hayastan fraksiyasının bütün deputatları, digər müxalifət fraksiyası “Şərəfim var” fraksiyasının isə əksər deputatları mandantlarını itirmək təhlükəsi ilə üzləşiblər.

Hayastan və “Şərəfim var” fraksiyaları keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyana bağlıdır.

Ermənistan Milli Məclisinin Şurası iyulun 14-də müxalifət deputatlarının mandatlardan məhrum edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Ona iyulun 1-dək parlamentin iclaslarında, səsvermə və qeydiyyatlarında iştirak etməyən deputatların adları təqdim olunub.

33 nəfərdən ibarət siyahı tamamilə müxalifət deputatlarından ibarətdir. Onlardan 29-u Hayastan, 4-ü isə “Şərəfim var” fraksiyasını təmsil edir.

***

Lakin bu siyahıda bu yaxınlarda mandatından imtina etmiş Artur Vanetsyanın yerinə seçilmiş Martun Qriqoryanın və insan haqları komissiyasının başçısı Taquhi Tovmasyanın adları yoxdur. Onlar da müxalifətin boykot etdiyi günlərdə parlamentin iclaslarına gəlmirdilər. Bu məsələni araşdıra bilməyib.

Bu da qeyd olunur ki, qaydalara görə Milli Şuranın sədri Konstitusiya Məhkəməsinə üzrsüz səbəblə yarım il ərzində səsvermələrin yarısından çoxunda iştirak etməmiş deputatların mandatlarının alınması üçün müraciət edə bilər.

Üzvlərinin əksəriyyətini hakim partiya deputatları təşkil edən Milli Məclis Şurasındakılar bu məsələyə hələki münasibət bildirməyiblər.

Bundan əvvəl hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının qərarı ilə Milli Məclisin vitse-spikeri və bir komissiya sədri vəzifələrindən kənarlaşdırılıblar.

Hakim fraksiyanın katibi Artur Ovannisyan deyib ki, hazırda müzakirələr davam etdirilir.

***

Milli Məclisin sədri Alen Simonyan bu prosesdən məmnun olduğunu gizlətməyib. O hələ müxalifət deputatlarının küçə aksiyaları keçirərək baş nazir Nikol Paşinyanın istefasını tələb etdikləri vaxt parlamentin iclaslarına gəlməyən millət vəkillərinin mandatlardan məhrum edilməsi təşəbbüsünü dilə gətirmişdi.

Müxalifət deputatlarının parlament vəzifələrindən kənarlaşdırılması zamanı olduğundan fərqli olaraq, indi hökumət öz mövqeyini konkretləşdirməyə tələsmir.

Ovannisyan deyib ki, “istənilən qərar Ermənistanın demokratik dövlətinin imici əsasında” çıxarılacaq:

“Biz görürük ki, müxalifətdən olan deputatlar hələ də sentyabr ayınadək parlamentə gəlib-gəlməmək məsələsini müzakirə edirlər. İndiki halda bizim bu məsələ barədə qərarımızın Konstitusiya Məhkəməsinə göndərilib-göndərilməməsi o demək deyildir ki, biz bu məsələni bağlayırıq. Mümkündür ki, biz müxalifət deputatlarının davranışını nəzərə alaraq bu məsələyə az sonra yenidən qayıdaq”.

***

Qaydalara görə Milli Məclis Şurasında qərar qəbul edilmədiyi hallarda məsələ bağlanmış hesab olunmur. Minimum 22 deputat bir ay ərzində toplanaraq həmkarlarının mandatlarına xitam verilməsi üçün Konstistusiya Məhkəməsinə müraciət edə bilər. Belə görünür ki, Ovannisyan məhz bu ssenarini nəzərdə tutur.

“Şərəfim var” fraksiyasının başçısı Ayk Mamicanyan deyib ki, mandatı onlara xalq verib. O mandatların ləğv olunması cəhdini siyasi təqib adlandırıb: “Mandatı bizə erməni xalqı verib. “Vətəndaş müqaviləsi”nin heç bir əhəmiyyəti yoxdur. Yəni xalqın verdiyi mandatların ləğv olunmasında heç bir əhəmiyyəti yoxdur. Mənim üçün mühüm olanı budur ki, biz, bizi seçənlərin də, bizə səs verməyənlərin də gözlərində effektli və vətənpərvər iş görmüşük. “Vətəndaş müqaviləsi” fraksiyasının hansı prosesə başlayıb-başlamaması məni az maraqlandırır...”

Deputat deyib ki, “iqtidarın oynadığı bu tamaşada” iştirak etmək fikrində deyil. Mamicanyan bildirib ki, o öz fraksiya həmkarları ilə Milli Məclis Şurasının müzakirəsinə qatılıb-qatılmamaq məsələsini müzakirə etməyib.

Müxalifət deputatları sözü gedən iclasda iştirak etməsələr, bir həftədən sonra bu məsələ onların iştirakı olmadan müzakirə olunacaq.

 





14.07.2022    çap et  çap et