Vaxt.Az

Ukrayna altı aya işğalçıları qova bilməsə...


 

İyunun sonundan hər iki tərəfin “taqətdən düşmə həddinə yaxınlaşdığını” deyilir

Ukrayna altı aya işğalçıları qova bilməsə... Rusiya fevralın 24-də işğal etməyə başladığı Ukraynada müharibəni uda bilərmi? “The Financial Times” qəzetinin danışdırdığı təhlilçilər deyirlər ki, Kiyevin işğalçıları ölkədən qovub çıxarması üçün altı ayı var, sonra üzücü, uzun hərbi çıxmaz yarana bilər.

Prezident Vladimir Putin bugünlərdə deyib ki, Rusiya hələ Ukraynada “ciddi bir şeyə başlamayıb”. Müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyən Rusiya qüvvələri hazırda şərqi Donbas regionuna fokuslanıb. Kremlin Luqansk vilayətinin Ukraynanın nəzarətində qalan beş birini tutması təxminən üç ay çəkib.

CNA hərbi təhlil mərkəzində Rusiya araşdırmaları üzrə direktor Maykl Kofmanın fikrincə, indi ən maraqlı məsələ 5 km-lik ərazinin kimin nəzarətində olması deyil, bu iki qüvvə üçün uzunmüddətli perspektivlərdir. O, itkilərin miqyasının, tərəflərin qüvvələrini əvəzləmək qabiliyyətinin daha vacib məqam sayır.

***

Ukrayna son həftələr ABŞ-dan uzağı vura bilən raket sistemləri alıb və bu sistemlər Rusiyanın təchizat xətlərini kəsməyə, artilleriyasını susdurmağa imkan verir. Kiyevin gələn həftələr ərzində bu hücum qabiliyyətindən necə yararlanacağı da münaqişənin nəticəsinə təsir göstərə bilər.

Ancaq itkilərə baxmayaraq, Rusiya artilleriya üstünlüyünü saxlayır. Ukrayna rəsmiləri hər topa Rusiyanın 10 topu olduğunu deyirlər. Bu isə Rusiyaya Kiyevi üzücü müharibədə məğlub etməyə imkan verə bilər.

Qəzetə danışan bəzi təhlilçilərsə Moskvanın yetərincə təcrübəli hərbçiləri döyüşə cəlb etmək çabalarına diqqət çəkirlər. Bu arada Qərbdən Ukraynaya müasir silahlar axmaqdadır. Amerika Sahibkarlıq İnstitutunda xarici və müdafiə siyasəti üzrə direktor Kori Şake deyir ki, Rusiya ordusunun 80 faizi Ukraynada döyüşür, əldən düşüb və çox az irəliləyiş əldə edir.

“Putin ümummilli səfərbərlik elan etməsə, Luqanskdakı simvolik uğurlar strateji mövqenin möhkəmlənməsilə sonuclanmayacaq... Ukraynanın növbəti altı ay ərzində bu müharibəni udmaqdan ötrü fürsət pəncərəsi var”, – o vurğulayır.

***

Kofman Rusiyanın Donetsk vilayətindəki Slovyansk və Kramatorsk şəhərlərini ala biləcəyinə skeptik yanaşır. “Bunlar xeyli möhkəm ərazilərdir və indiki itkilərlə Rusiya qüvvələri orada uğurlu hücuma başlayanadək taqətdən düşə bilərlər”, – o deyir.

Britaniyanın bir aparıcı rəsmisi isə hələ iyunun sonunda hər iki tərəfin “taqətdən düşmə həddinə yaxınlaşdığını” deyirdi. Ancaq son həftələr qərbdən uzağı vura bilən silahların gəlməsi Ukraynanın əməliyyatlarında fərq yaradıb, Kiyev İlan adasını yenidən ələ keçirib, hazırda cəbhə xəttindən arxada Rusiyanın sursat depolarını vurur.

İndiyədək ABŞ Ukraynaya 8 HİMARS yaylım atəşi sistemi göndərib, Vaşinqton daha dörd, Britaniya da dörd sistem vəd edib. Ancaq müharibədə qətiyyətli fərq aratmaq üçün onlarla belə sistem lazımdır, məqalədə deyilir. Rusiya qüvvələri də yeni təhdid qarşısında taktika və logistikaya adaptasiya olunacaq.

***

London Kral Kollecində müharibə araşdırmaları üzrə fəxri professor Lorens Fridmanın fikrincə, Ukraynanın qarşısında duran ən böyük problem irimiqyaslı əks-hücum əməliyyatları başlatmaq qabiliyyətilə bağlıdır. Üstəlik, ən təcrübəli hərbçiləri Donbas döyüşlərində həlak olub, getdikcə daha çox könüllü ərazi müdafiə qüvvələrinin ümidinə qalır.

Ukrayna rəsmiləri deyirlər ki, Rusiya inflyasiya və qaz qıtlığı ilə Avropa hökumətlərinə təsir göstərəcəyinə ümid edir. Yəni, onlar müharibəni Moskvaya sərfəli şərtlərlə bitirmək üçün Kiyevə təzyiq göstərə bilərlər.

Şake deyir ki, Rusiya lideri Qərbin fevralda Ukraynaya bu qədər dəstək verəcəyini də gözləmirdi.

“Bütün ölkələrin əhalisi Ukraynanın tərəfindədir, onun suverenlik yükünün bir qismini çəkməyə hazırdır. Bu böyük şeydir, ancaq onu saxlamaq üçün çox çalışmaq lazım gələcək”, – təhlilçi vurğulayır.

 





14.07.2022    çap et  çap et