Anlaşma memorandumunu üzv ölkələr təsdiqləməlidir, ona dəyişiklik oluna bilər. “Reuters” bunun Ukraynadakı müharibə səbəbindən Rusiya qazından asılılığı azaltmaq səylərinin tərkib hissəsi olduğunu yazır.
***
11 iyul tarixli sənədə deyilir ki, tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilədək ilə azı 20 milyard kubmetr qazın qarşılıqlı ticarətini dəstəkləyirlər.
Cənub Qaz Dəhlizi şəbəkəsinin bir hissəsi olan Trans-Adriatik kəməri (TAP) ötən il Avropa ölkələrinə, o cümlədən İtaliyaya 8 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib.
Sənəddə deyilir ki, tərəflər Avropaya qaz tədarükünün artırılması üçün şəbəkənin genişlənməsinə maliyyə ayrılmasını dəstəkləyəcək. O da qeyd olunur ki, belə investisiyalar gələcəkdə aşağı karbonlu qazların daşınmasına imkan verməlidir ki, qaz emissiyaları planeti çirkləndirməsin.
***
Avropaya qaz tədarükünün artırılması üçün Azərbaycan daxili istehsalı genşləndirməlidir.
Layihədə qaz istehsalçılarının təhlükəsizliyi üçün “uzunmüddətli, proqnozlaşdırılan və sabit kontraktların” vacibliyi vurğulanır. Gələcək qaz kontraktları isə Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılmalıdır. Brüssel xüsusilə 2030-cu ildən sonra qazdan istifadəni azaltmağı hədəfləyir.
Rusiyadan qaz təchizatının daha da azaldılması məsələsi bu həftə bir daha gündəmə gəlib. Belə ki, Almaniyaya qaz nəql edən “Şimal axını-1” kəməri texniki xidmətə dayandırılıb. Hökumətlər və şirkətlər Moskvanın fasiləni uzada biləcəyini deyirlər.
Sənəd layihəsində Aİ ilə Azərbaycanın bərpaolunan enerjinin təşviqini, gələcək hidrogen ticarətini də nəzərdən keçirəcəyi bildirilir.