Vaxt.Az

AKP-nin reklamı oğurluq çıxdı


 

Türkiyəyə səs salan rolik 10 il əvvəl çəkilən «Dağ»ın eynisidir (video)

AKP-nin reklamı oğurluq çıxdı Türkiyədə son günlərin hadisəsi olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üçün çəkdirdiyi reklam roliki oğurluq çıxdı. Həmin reklam 2003-cü ildə Sony şirkətinin «playstation»un oyun aparatları üçün çəkilən «Dağ»ın (Mountain) tamamilə eynisidir.

Vaxt.az saytı xəbər verir ki, başdan-ayağa İngiltərənin TBWA reklam agentliyinin hazırladığı «Dağ» reklamının oxşarı olan seçki rolikində yeganə fərq videonun fonundakı səs və dalğalanan bayraqdır. İngilislərin reklamında bütün hərəkətlər məşhur bəstəkar  Şirli Templin (Shirley Temple) bəstələdiyi «Göyərtəyə alın» (Get on board) musiqisi sədaları altında davam etdirilirdisə, AKP-nin plagiat reklamında məşhur türk şairi Mehmet Akif Ərsoyun «İstiqlal marşı» şeiri şairin öz səsi ilə səsləndirilib.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan plagiat reklam rolikini o qədər çox bəyənibmiş ki, AKP lideri telefon açaraq reklam şirkətinə şəxsən təşəkkürünü bildiribmiş. Türk reklamçılar «Dağ»ı təsadüfən seçməyiblər. İngilislərin ərsəyə gətirdiyi reklam roliki 2004-cü ildə keçirilən Beynəlxalq Andy Mükafatlandırılmasında (International Andy Awards) 2-ci yerə çıxaraq gümüş medal qazanmış və «Playstation-2» oyun aparatlarının satışında sıçrayışa səbəb olmuşdu.

Xatırladaq ki, seçki roliki ekranlara çıxar-çıxmaz MHP və CHP-nin Ali Seçim Komissiyasına (Yüksək Seçim Kurulu) etdiyi şikayət əsasında qadağan olunmuşdu. Buna səbəb reklam rolikində səsləndirilən şüar olub. AKP qadağadan sonra reklamdakı şüarda «Türkiyə bayrağı» kəlməsini çıxardaraq, «Millət əyilməz, Türkiyə yenilməz» kimi səsləndirib. Bu dəyişiklikdən sonra Radio Televiziya Üst Qurumu (RTÜK) reklamın KİV-də və internetdə yayımına icazə verib.

 





24.03.2014    çap et  çap et