Vaxt.Az

Ermənilər Gürcüstanda fəallaşıb


 

Gürcü kanalı Cavaxetiyadan qalmaqallı reportaj yayıb

Ermənilər Gürcüstanda fəallaşıb Krımın Rusiyaya birləşdirilməsindən sonra digər ölkələrdəki separatçı qurumlarda da fəallıq müşahidə olunur. Belə ki, Gürcüstanda ermənilərin kompakt yaşadığı Samsxe Cavaxetiya bölgəsində gərginlik yaşanır.

Bu günlərdə Ermənistan parlamentinin bəzi millətçi üzvləri Gürcüstanın rəsmi dairələrinin ünvanına hədələrlə çıxış ediblər. Erməni deputatlar bəyan ediblər ki, əgər Gürcüstan NATO ilə yaxınlaşmağa üstünlük verərsə, Cavaxetiya bölgəsi Rusiyaya birləşməklə bağlı referendumu nəzərdən keçirəcək. Onlar bunu alyansın hərbi bölmələri tərkibində türk əsgərlərinin regiona gətiriləcəyindən ehtiyatlandıqları ilə izah ediblər.

«Aktual.az» məlumat verir ki, bu məqsədlə Gürcüstanın «İmedi» telekanalı Cavaxetiyada Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələcək taleyindən, rəsmi Tiflisin NATO ilə əlaqələrindən və bölgə ermənilərinin Rusiyaya meyl etməsindən geniş reportaj hazırlayıb.

Öncədən qeyd edək ki, fikirləri efirə gedən ermənilərin açıqlamaları olduqca təhlükəli mahiyyət daşıyıb.

Telekanal əməkdaşı əvvəlcə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Cavaxetiyadan keçən ərazisində layihənin gedişi barədə ətraflı məlumat verir. Bildirilir ki, burada inşaat işləri fasiləsiz şəkildə davam edir. Sonra o, Cavaxetiyada çıxan «Yeni fikir» adlı erməni qəzetinin baş redaktoru Mel Torosyandan müsahibə götürür. Təhlükəli məqamlar da bundan sonra başlayır.

Torosyan vurğulayır ki, dəmir yolu xəttinin əsas məqsədi bölgənin Avropa ilə iqtisadi inteqrasiyası deyil, türk dövlətlərinin əlaqələndirilməsi, birləşdirilməsidir: «Bu, olduqca təhlükəli bir haldır. Hətta inşaat işlərinə cəlb olunan şirkətlər dəmir yolu xəttinin Gürcüstana aid hissəsinin mühafizəsinin Azərbaycan tərəfindən həyata keçiriləcəyi ilə bağlı şayiə yaymağa başlayıblar. Azərbaycanlılarla hansı münasibətdə olduğumuzu yaxşı bilirsiniz. Axı bu, təkcə dəmir yolu deyil, müəyyən ərazi sağdan, müəyyən ərazi soldan vermək lazım gələcək. Necə olur, bütün Cavaxetiyaya Azərbaycan nəzarət etməli olacaq? Niyə bunu gürcü mühafizəçiləri etmir? Maraqlı sualdır, deyilmi?»

Sonra müxbir məsələyə tanınmış separatçı Vaqan Çaxalyandan münasibət öyrənir. Erməni millətçisi isə mərkəzi hakimiyyətin ermənilərin sosial problemləri ilə maraqlanmamasından gileylənir. Sonra o, erməni dilinin Gürcüstanda regional dil statusu almasının vacibliyini vurğulayır.

Reportajda həmçinin NATO-Gürcustan münasibətlərinə erməni siyasətçilərindən də mövqe öyrənilir. David Kastiyan adlı partiya sədri hazırkı dönəmdə qurumla Gürcüstan əlaqələrinin inkişaf etdirilməsini təhlükəli sayır və vurğulayır ki, bu ölkədə yaşayan ermənilər Alyansla münasibətlərin əleyhinədir.

Süjetin sonunda Cavaxetiyadakı ermənilərdən kiçik sorğu götürüb və onların hamısı Rusiya ilə əlaqələrin önəmli olduğunu açıqlayıb.

Qeyd edək ki, artıq qonşu ölkənin bəzi ziyalı və siyasi dairələri Rusiya kəşfiyyat orqanı nümayəndələrinin Gürcüstanda Cavaxetiya üzərindən fəaliyyətə keçdiyini bildirərək bundan ehtiyatlanmağa başlayıblar.

 





24.03.2014    çap et  çap et