Səfirliyin saytında iyulun 14-də dərc edilmiş bildirişdə Ukraynadakı amerikalılara habelə adamların kütləvi toplanış yerlərdindən və ictimai tədbirlərdən kənar durmaq tövsiyə edilir.
Bu, son üç ayda Ukraynadakı ABŞ səfirliyinin amerikalılara bu sayaq ilk xəbərdarlığıdır.
Bildirişdə deyilir ki, Rusiyanın davam etməkdə olan hərbi hücumlarına, habelə ölkədə gedən fəal döyüş əməliyyatlarına və qeyri-müəyyən təhlükəsizlik şəraitinə görə bütün Ukrayna ərazisində vəziyyət son dərəcə zorakı və proqnozlaşdırılmayan durumdadır.
ABŞ səfirliyi Ukraynada olan amerikalıları ölkəni yerüstü nəqliyyat vasitələri ilə və fərdi qaydada dərhal tərk etməyə çağırır.
Bildirişdə deyilir ki, Ukraynadakı situasiya son dərəcə dəyişkəndir və vəziyyət hər an xəbərdarlıqsız pisləşə bilər.
Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsi başlananda ABŞ-ın və bir çox başqa ölkələrin Kiyevdəki səfirlikləri fəaliyyətlərini dayandırmış, qeyri-diplomatik heyət Ukraynadan çıxarılmışdı.
Bir çox Qərb səfirlikləri müvəqqəti olaraq ölkənin qərbindəki Lvov şəhərinə köçürülmüşdü.