Politoloq Vəfa Quluzadə «Aktual.az»a
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sosial şəbəkədə
qondarma Dağlıq Qarabağ qurumunu tərəf kimi göstərməsini şərh edərkən belə
deyib. Quluzadə təəssüflə qeyd edib ki, amerikalı həmsədrin açıqlaması rusların
maraqları ilə üst-üstə düşür: «Rusiya çox cəhd edirdi ki, Ermənistanı kənar
tutmaqla, Azərbaycanla Dağlıq Qarabağın qondarma qurumunu münaqişə tərəfləri
kimi göstərsin. Lakin buna nail ola bilmir. Görünür, amerikalı həmsədrin bundan
xəbəri yoxdur. Ciddi ölkənin nümayəndəsi bu cür bəyanat verməməlidir.
Azərbaycan bu bəyanata görə amerikalı həmsədrin Minsk qrupundan uzaqlaşdırılmasını
tələb etməlidir».
Məlumdur ki, bu gün ATƏT-in Minsk Qrupunun yaranmasının 22 ili tamam olur. Qurumun 22 illik fəaliyyətini qiymətləndirən politoloq qeyd edib ki, qurumun səyini yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduğu halda yüksək qiymətləndirmək olardı: «Hələ ki, torpaqlarımız işğal altındadır». Müsahibimiz həmçinin 22 il ərzində zaman – zaman qurumda təmsil olunan amerikalı həmsədrlərin fəaliyyətinə də toxundu. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Amerikanın aydın prioriteti yoxdu: «Bu vaxta qədər Minsk qrupunun elə amerikalı həmsədrlərini tanıyıram ki, onlar yalnız özfəaliyyətlə məşğul olublar. Amerikanın dövlət siyasətinin hədəfi Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlməlidir. Həmsədr Ceyms Uorlikin bəyanatı isə bunun əksi anlamını verir».