Neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.
Bu arada dünyada COVİD-19 virusuna yoluxma sayının artması da neftə olan tələbə təsir göstərməkdədir. Çində yaz qapanmalarından sonra yenidən bir sıra aparıcı ölkələrdə yenidən sərt karantinin tətbiqi gözləntisi artmaqdadır. Bu isə neft istehlakı yüksək olan ölkələrdə, xüsusən Çində yenidən qapanmalar olacağı halda enerji qiymətlərinə ciddi təsir edəcək.
Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir.