Vaxt.Az

“Bellingcat”, “The İnsider” Rusiyada qadağan olunur


 

Araşdırmaçı saytlar işğalçıların Ukraynaya qarşı tammiqyaslı hücumunu geniş işıqlandırır

“Bellingcat”, “The İnsider” Rusiyada qadağan olunur Rusiyada prokurorlar “Bellingcat” və “The İnsider” araşdırmaçı xəbər saytlarını ölkəyə “təhdid” elan edərək, Rusiya daxilində fəaliyyətinin “arzuolunmaz” olduğunu bildirib. Hakimiyyət həmçinin hüququn aliliyi və insan haqları üzrə ixtisaslaşmış, Praqada yerləşən CEELI İnstitutunun fəaliyyətini qadağan edib.

Rusiya Baş Prokurorluğu iddia edir ki, bu qurumlar “Rusiya Federasiyasının konstitusion quruluşunun əsasları və təhlükəsizliyinə təhdid yaradır”.

Prokurorlar Rusiya Ədliyyə Nazirliyin məlumat veriblər ki, bu qruplar “arzulolunmaz” təşkilatlar siyahısına alınsın.

Siyahıda 56 qurumun adı var.

Bu addım həmin qruplarla işləyən fərdlərin mümkün kriminal cəzalarla üzləşməsi deməkdir.

***

Niderlandda yerləşən, açıq mənbələrlə işləyən araşdırmaçı “Bellingcat” vebsaytı səkkiz il öncə Ukraynanın şərqində “Malaysian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması, Rusiya kəşfiyyat agentliklərinin fəaliyyəti, o cümlədən xaricdə sui-qəsdlər, digər həssas mövzularda araşdırmalar dərc edib.

Qurumun əsasını britaniyalı jurnalist Eliot Hiqqinz 2014-cü ildə qoyub. Bundan az öncə Rusiya Ukraynanı Krım yarımadasını ilhaq etmiş, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləməyə başlamışdı.

Latviya paytaxtı Riqada yerləşən “The İnsider” jurnalist və fəal Roman Dobroxotov tərəfindən təsis edilib. Bu sayt vaxtaşırı “Bellingcat”lə araşdırmalarda əməkdaşlıq edib.

“The İnsider” Kremlin tənqidçiləri Aleksey Navalnı və Vladimir Kara-Murzanın Rusiya tərəfindən zəhərlənməsi iddiaları, o cümlədən Rusiyanın xaricdəki gizli əməliyyatları haqda geniş yazılar dərc edib.

“Bellingcat” və “The İnsider” Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunu da geniş işıqlandırır.

***

CEELİ İnstitutunun missiyasına məhkəmələrin müstəqilliyi və bütövlüyünün gücləndirilməsi, korrupsiya ilə mübarizə, vətəndaş cəmiyyətinə dəstək, hüquqi vərdiş və bacarıqların qurulması daxildir. Qurum korporativ və fərdi ianələrlə maliyyələşdiyini bildirir.

“Arzuolunmazlar” siyahısı Rusiya hakimiyyətinin tənqidçilərini cəzalandırması, yaxud susdurması üçün istifadə olunur. Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan siyahıdan istifadə də güclənib.

Krasnodar Diyarında məhkəmə iyulun 15-də demokratiya yönlü Açıq Rusiya hərəkatının keçmiş icraçı direktoru Andrey Pivovarova da hökm çıxarmalıdır. O, “arzuolunmaz” təşkilata başçılıqda ittiham olunub. Pivovarov ittihamı “gülünc” adlandırıb.

 





15.07.2022    çap et  çap et