Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yer alır.
Məktubda qeyd olunur ki, Azərbaycan xalqı dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Məktubda, daha sonra deyilir: “Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub”.
Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınayıb. “Bir millət, iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.
“Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik”, - deyə məktubda vurğulanır.