Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bəzi Avropa ölkələrində “omikron”un yeni alt növünün müəyyən edilməsinə münasibət bildirib.
“Bunu nəzərə alaraq gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam”, – Səhiyyə Nazirliyinin rəsmi internet saytında yayılan məlumatda deyilir.
Bundan əlavə, nazirlik rəsmisi virusdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu da bildirib: “Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm”.
Öz növbəsində Dünya Səhiyyə Təşkilatı Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.