Prezidentin sözlərinə görə, nəqliyyat sahəsində də artım var: “Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.
Prezident qeyd edib ki, nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar verilib: “Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə verilən məlumata görə, ildə 6 tanker – bərə, yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik. Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq”.
Dövlət başçısı vurğuladı ki, Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanılmalı, liman genişləndirilməlidir: “Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik”.
İlham Əliyev qeyd etdi ki, Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin gəmi nəqliyyatında problmlər yaratmaması üçün dənizdə dibdərinləşdirmə işləri də aparılmalıdır: “Gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir və mən bunu hökumətə tapşırmışam. Baş nazirin rəhbərliyi altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda, əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz – açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik”.