İranın rəsmi xəbər agentliyi İRNA-nın yayımladığı xəbərə görə, Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadıq Motəmediyan enerji nazirinin müavini ilə görüşərək Urmiya gölünə suyun nəqlinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. O, həmin görüşdə gölün xilası prosesində hər hansı gecikmənin bölgəyə düzəlməz ekoloji ziyan vuracağını bildirib.
Həmçinin Qərbi Azərbaycan vilayətinin Böhran İdarəetmə Mərkəzinin müdiri Əmir Abbas Cəfəri də Urmiya gölünün suyunun 95 faizinin quruduğunu bildirərək, son 20 ildə gölün səviyyəsi hər il orta hesabla 40 sm azaldığını söyləyib.
Yayımlanan xəbərdə həmin rəsmi Urmiya gölünün qurumasının əsas səbəbləri kimi quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının həddindən artıq inkişafını sadalayıb, lakin gölə axan çayların üzərində bəndlərin tikilməsi mövzusuna toxunmayıb.
Urmiyanın millət vəkili Vəhid Calalzadə İLNA xəbər agentliyinə verdiyi açıqlamada, Urmiya gölünün cənub hissəsinin yay mövsümünün sonuna qədər tamamilə quruya biləcəyi haqda xəbərdarlıq edib.
Ekspertlər quraqlıqla yanaşı gölə axan çayların üzərində həddindən artıq bəndlərin tikilməsi, gölün ortasından keçən körpünün tikilməsi, şimal və cənub bölgələrinin su cərəyanının durdurulması və gölün ətrafında kənd təsərrüfatı məhsullarının əkininə nəzarətin olmamasını Urmiya gölünün qurumasının əsas səbəbləri olaraq dəyərləndirir.