Prezident kölgə iqtisadiyyatına qarşı mübarizənin effektiv olması üçün dövlət nəzarəti və ictimai nəzarətin vacibliyini vurğulayıb.
Dövlət sektorunda islahatların aparılması, dövlət nəzarətinin gücləndirilməsi istiqamətində zaman-zaman müəyyən addımlar atılır.
Bəs nə üçün dövlət başçısı səviyyəsində dəfələrlə məsələ qaldırılmasına baxmayaraq ictimai nəzarət mexanizmlərini təkmilləşdirmək və gücləndirmək mümkün olmur?
Nə üçün hökumət sektoru getdikcə güclənir və vətəndaş cəmiyyəti isə ya yerində sayır, ya da getdikcə zəifləyir ?
Təəssüf edirəm ki, QHT Şurasının ləğvi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranmasından sonrakı bir il ərzində də bu istiqamətdə situasiya dəyişməyib.
Agentlik hələlik ictimai nəzarəti gücləndirməklə bağlı Prezidentin son çağırışlarına uyğun olan mexanizmlər təqdim edə bilməyib.
Qurum sanki hamının bildiyi köklü səbəblər üzərinə getməkdən çəkinir .
Agentlik yeni yarananda müəyyən dinamika müşahidə olunurdu, gözləntilər çox idi. Son zamanlarda adı çəkilən qurumun rəhbərliyi regionlarda, Bakıda bir xeyli görüşlər keçirib. Bütün bunlar təqdirəlayiqdir.
Amma hələlik sektorun güclənməsi istiqamətində real addımları görə bilmirik.
Prezident dəfələrlə vurğulayıb ki, hökumətin fəaliyyəti üzərində, verilən tapşırıqların, fərman və sərəncamların icrası üzərində, məmurların fəaliyyəti üzərində ictimai nəzarətin daha effektiv təşkilinə və gücləndirilməsinə ciddi ehtiyac var.
Bunun üçün isə vətəndaş cəmiyyətinə və mediaya zəruri şərait, imkanlar yaradılmalıdırr.
İctimai nəzarət imkanlarını yaratmaq üçün hökumətin və məmurların şəffaflığı , informasiya açıqlığı artırılmalı, hesabatlılıq güclənməli, dövlət sektorunda rəqəmsallaşma güclənməli, dövlət resurslarından istifadə üçün şəffaf və ədalətli mexanizmlər yaradılmalıdır.
İctimai nəzarəti gücləndirmək üçün ilk növbədə QHT- lərin imkanlarını genişləndirmək lazımdır. 2014-cü ildə sektorun zəifləməsinə yönələn addımalara qiymət verilməli, onun nəticələri aradan qaldırılmalıdır. QHT-lərin maliyyə resurslarına əlçatımlığı təmin edilməlidir
Düşünürəm ki, Agentlik proqram xarakterli , sosial sifariş xarakterli uzunmüddətli layihələrin dəstəklənməsi üçün hökumətdən əlavə resurslar tələb etməlidir.
Əvvəllər Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün ildə təxminən 100 milyon manat qrantlar ayrılırdısa 2014-dən sonra dövlət dəstəyi xətti ilə bu rəqəm 5-10 milyona endirilib.
Uzun illər QHT sektorunda yetişən ekspertlər, mütəxəssislər, araşdırmaçı jurnalistlər indi resurlsarın çatımazlığından, ictimai informasiyalara çıxış imkanlarının yetərli olmamasından öz potensialını reallaşdıra bilməyən vəziyyətdədirlər.
Agentlik müasir çağırışlara uyğun effektiv ictimai nəzarət imkanları, rəqəmsal mexanizmlər hazırlanmalıdır.
Müşahidələr isə göstərir ki, əksər dövlət qurumları , hətta Prezident Administrasiyası səviyyəsində dövlət nəzarətini effektiv qurmaq üçün mexanizmlər hazırlayanda, ictimai nəzarət imkanları yaradılmır. Təəssüf ki, QHT Agentliyinin bu tip məsələlərə təsir imkanları, reaksiyaları müşahidə olunmur.
Azərbaycanda indiki anda ictimai nəzarət mexanizmləri əsasən, əgər belə demək mümkünsə sosial media üzərində “oturub”.
Əgər bir anlıq təsəvvür etsək ki, Azərbaycanda sosial media qapadılıb, onda təsəvvür etmək çətindir ki, ictimai nəzarətin səviyyəsi necə olar.
Bəzi sahələrdə ictimai və vətəndaşların iştirakı üçün müəyyən imkanlar yaradılıb, amma müşahidələr göstərir ki, ümumilikdə ictimai nəzarət üçün zəruri olan mexanizmlər, resurslar çatışmır.
İctimai əhəmiyyət kəsb edən informasiyalara, məlumatlara əlçatımlılıq yetərli deyil.
Son zamanlar isə bəzi dövlət qurumları ictimai əhəmiyyət kəsb edən datalardan özləri kommersiya qurmaq üçün istifadə edirlər, nəinki vətəndaş cəmiyyətinin , heç dövlət qurumlarının da bəzən bu tip məlumatlara əlçatanlığı olmur.
Hansı ki bu tip məlumatlar açıq məlumat bazaları formasında açıqlanarsa bunların üzərində ictimai və biznes əhəmiyyəti daşıyan rəqəmsal həllər yarana bilərdi .
Düşünürəm ki, QHT Agentliyi vətəndaş cəmiyyətinin inkişafı üçün səylərini gücləndirməlidir.
İlk növbədə vətəndaş cəmiyyətinin inkişafını buxovlayan hüquqi normaları aradan qaldırmalıdır.
Prezident yanında İctimai Palatanın yaradılması ideyasını yenidən gündəmə gətirmək də faydalı ola bilərdi.