Qubernator Valentin Rezniçenko “Telegram” kanalında bildirib ki, xilasedicilər Dnepr şəhərində, rəsmilərin dediyinə görə, üç nəfərin ölümü, 15-nin yaralanması ilə nəticələnən raket hücumundan sonra axtarış işlərini davam etdirir. Ukrayna hava qüvvələri şəhərə atılan əlavə dörd raketi havada vurduğunu bildirib.
Ən son döyüşlər Rusiyanın müdafiə naziri Ukraynadakı qoşunlarını əməliyyatlarını “daha da intensivləşdirməyə” çağırandan sonraya təsadüf edib. Müdafiə naziri Sergey Şoyqu nazirliyin vebsaytına yerləşdirilən açıqlamada deyib ki, bu addımın məqsədi Ukraynanın şərqinə və Rusiyanın nəzarətində olan başqa ərazilərə hücumların qarşını almaqdır.
Açıqlamada bildirilir ki, “Şoyqu Kiyev rejiminin Donbas və digər bölgələrdə mülki infrastruktura və yaşayış məntəqələrinin sakinlərinə kütləvi raket və artilleriya zərbələri endirməsi ehtimalını istisna etmək üçün bütün əməliyyat bölgələrində qrupların hərəkətlərini daha da artırmaq üçün lazımi göstərişlər verib.”
Bu sözlər ABŞ rəsmiləri İranın Rusiyanı bir neçə yüz ədəd silah gücünə malik pilotsuz dronlarla təmin etməyə hazırlaşdığını iddia edən kəşfiyyat fotolarını yaymasından sonraya təsadüf edib. Pilotsuz uçan dronlar Ukraynadakı müharibədə istifadə oluna bilər.
Bundan əlavə isə ABŞ və Ukrayna rəsmiləri deyir ki, ABŞ-ın Ukraynaya verdiyi raket sistemləri Rusiyaya qarşı döyüşlərdə böyük təsir gücünə malikdir və Ukrayna qüvvələrinə Donbas bölgəsində Rusiya ordusunun qarşını almağa yardım edir.
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynadakı müharibəsini “qaydalara əsaslanan nizamı pozmaq cəhdlərinin” nümunəsi adlandırıb. Bayden bu sözləri şənbə günü Səudiyyə Ərəbistanı liderləri ilə birtərəfli görüşlər zamanı deyib.
Bu arada isə Böyük İyirmilər Qrupunun maliyyə nazirləri şənbə günü İndoneziyadakı görüşlərini ABŞ-ın Rusiya neftinin qiymətinə məhdudiyyət qoymaq təklifi üzərində razılıq əldə etmədən bitiriblər.
ABŞ-ın maliyyə naziri Canet Yellen deyib ki, bu təklif “Putinin döyüş maşınından əldə olunan gəliri məhdudlaşdırmaq və Rusiyanın müharibəsinin enerji qiymətlərinə təsirini məhdudlaşdırmaq üçün Rusiya neftinə qiymət məhdudiyyəti qoymaq üzərində əməkdaşlığın vacibliyini vurğulayır.”
***
Döyüşlərə baxmayaraq, hər iki tərəf Ukrayna taxılına blokadaya son qoymaq üzərində razılıqla bağlı irəliləyişin olduğuna işarə edib.
Bu səylərə vasitəçilik edən Türkiyə deyir ki, gələn həftə razılıq imzalana bilər.
“The Associated Press”in məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü general leytenant İqor Konaşenkov deyib ki, yekun sənəd hazırlanıb və “yaxın zamanda” bitə bilər.
BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü deyib ki, Rusiya ilə Ukrayna arasında Türkiyə və BMT-nin Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən bəri siloslarda ilişib qalan milyonlarla ton Ukrayna taxılını ixrac etməsinə dair sazişlə bağlı “geniş razılıq” var.
Rusiyanın blokadası səbəbilə 20 milyondan ton çox Ukrayna taxılı Qara dəniz limanı Odessada siloslarda saxlanılır, onlarla gəmi isə ilişib qalıb. Türkiyə bölgədə tez bir zamanda yüklənib, dünya bazarlarına yola düşmək üçün gözləyən 20 ticarət gəmisinin olduğunu bildirib.