Prezident Co Bayden Səudiyyə Ərəbistanına Amerika prezidenti tərəfindən edilən ilk birbaşa uçuşdan əvvəl Yaxın Şərqə İsrail və Fələstin liderləri ilə görüşləri əhatə edən dörd günlük səfərə başlayaraq çərşənbə günü Tel-Əvivə gəlib.
İsrailin və regionun təhlükəsizliyi məsələləri əsas diqqət mərkəzində olub və bəzi təhlilçilər prezident Baydenin Yaxın Şərqə səfərinin İsrail və Səudiyyə Ərəbistanı krallığı arasında yaxınlaşmaya səbəb ola biləcəyinə ümid edirlər.
Lakin Baydenin Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın da iştirak etdiyi görüşə qatılmaq planı tənqidlərə səbəb olub. Bəziləri bunu insan haqlarına dəyər verənlərin üzünə sillə adlandırıb.
“Prezident Baydenin etdiyindən insan hüquqlarının dəyərsiz olduğu və bir sıra digər təsirlər və nəticələr üçün sövdələşmənin mümkün olduğunu güman etmək olur. Bu, bir çox cəhətdən Rusiyanın Ukraynaya təcavüzündən sonra prezident Baydenin dünyaya təklif etdiyi yanaşmanı pozur”, – “Amnesty International” təşkilatının nümayəndəsi Aqnes Kallamard bildirib.
Səudiyyə Ərəbistanına səfər Baydenin insan hüquqlarını ABŞ-ın xarici siyasətinin mərkəzinə qoymaq və Səudiyyə Ərəbistanının vəliəhdini “Washington Post” qəzetinin yazarı Camal Xaşuqcının 2018-ci ildə qətli ilə bağlı beynəlxalq səhnədə “təcrid” etmək vədindən geri çəkilmə kimi qiymətləndirilir.
“Düşünürəm ki, bu, Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanının insan haqları fəalları, vətəndaş cəmiyyəti liderləri üçün olduqca məyusedicidir. Mən bunun strateji və xüsusilə siyasi baxımdan müdrik qərar olduğunu düşünmürəm. Bunun ABŞ üçün yaxşı olduğunu düşünmürəm”, – Ərəb Dünyası üçün Demokratiya qrupunun nümayəndəsi Con Herş deyib.
Həm ABŞ, həm də BMT müstəqil olaraq Xaşuqcinin qətlinin arxasında Səudiyyə şahzadəsinin olduğuna dair dəlil tapıb. Səudiyyə Ərəbistanı şahzadəsi iddiaları təkzib edir.
Digər problem isə mayın 11-də İsrailin İordan çayının Qərb sahilində keçirdiyi reyd zamanı fələstinli amerikalı jurnalist Şirin Əbu Axlenin qətli ilə bağlıdır. Onun ailəsi Baydenlə Qüdsdə görüşməyi tələb edib.
Dövlət Departamenti onun ölümünə İsrail tərəfindən açılan atəşin səbəb olduğunu bildirib, lakin atəşin bilərəkdən açılıb-açılmadığını söyləyə bilməyib.
“Həm Tramp administrasiyası, xüsusilə də Bayden administrasiyası beynəlxalq araşdırma aparılması üçün səudiyyəlilərə təzyiqləri davam etdirir. Şirin Əbu Akleh ilə bağlı bunu etmək üçün belə görünür daha az səy göstərilir”, – Rays Universitetində Yaxın Şərq üzrə təhlilçi Kristian Ulrihsen bildirib.
Baydenin İsrailə səfərindən öncə Ağ Ev jurnalistin ailəsinin prezidentlə “birbaşa əlaqə qurmaq” üçün ABŞ-a dəvət olunduğunu bildirib.
Ekspertlər deyirlər ki, Baydenin prezident kimi Yaxın Şərqə ilk səfəri çox güman ki, çətin olacaq, çünki insan hüquqları qrupları hər görüşü izləyir və hər sözü dinləyir.