Vaxt.Az

XİN rəhbərləri ilk dəfə təkbətək görüşdü


 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib

XİN rəhbərləri ilk dəfə təkbətək görüşdü İyulun 16-da Tiflisdə xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) öz “Twitter” səhifəsində bildirib. Bu iki ölkə nazirlərinin ilk ikitərfli görüşüdür. Bundan əvvəl mayın ortalarında Düşənbədə keçirilən görüşdə Rusiyanın xarici işlər naziri də iştirak etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin görüşdən sonra yaydığı məlumatda qeyd olunur ki, nazirlər iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

“Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb”, Azərbaycan XİN mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, nazirlər Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

***

İki ölkə nazirlərinin Tiflisdə keçirilən görüşünə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili özünün “Twitter” səhifəsində münasibət bildirib:

“Mən çox qürur duyuram ki, Tiflis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş yerinə çevrilib. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşdüyü bildirilir.

XİN-in mətbuat xidmətinin bu görüş barədə yayılan məlumatında vurğulanır ki, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edib: “Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb”.

 





16.07.2022    çap et  çap et