MKİ rəhbəri İrəvanda ilk olaraq baş naziri Nikol Paşinyanla görüşüb. Ermənistan baş naziri ofisinin məlumatına görə, tərəflər beynəlxalq və regional təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə ediblər. Börns və Paşinyan habelə Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıblar.
İkinci görüş Ermənistan Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Armen Qriqoryanla olub. Tərəflər ABŞ-Ermənistan qarşılıqlı münasibətlərini müzakirə ediblər.
MTŞ-nin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Armen Qriqoryan qonağa Ermənistan və regionda olan təhlükəsizlik vəziyyəti barədə məlumat verib.
Bu da bildirilir ki, Börns və Qriqoryan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında danışıqlar prosesini də müzakirə ediblər.
ABŞ-ın Ermənistandakı səfirliyi MKİ başçısının Ermənistana səfəri barədə şərh verməkdən imtina edib. Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi başçısının Ermənistana ilk səfəridir.