Gömrük işçisi olmaq polis olmaqdan da çox arzu ediləndir bizdə. Polis olmaq istəyənlər isə vergi işçisi olmaq istəyənlərdən də çoxdur. Buna görə də Gömrük Akademiyamız da, Polis Akademiyamız da var. Amma Vergi Akademiyamız yoxdur.
Vəziyyət niyə belədir? Ona görə ki, əksəriyyət asan pul qazanmaq yeri axtarır. Gömrük işi çox texniki fəaliyyətdir, çətin bir şey yoxdur. Gömrük işçisi olmaq üçün nə xüsusi bilik, nə də bacarıq lazımdır. Mal aparan və mal gətirən tam sənin sərəncamındadır. Nə edəcək ki? Şikayət edəcək? Şikayətinə illərlə baxılacaq! Mal isə indi “rastamojka” olunmalıdır, korlana bilər, lazımsız ola bilər və s. Buna görə də hamı gömrük işçisi ilə razılığa gəlmək istəyir. Odur ki, sən heç nə etmirsən, özləri sənin haqqını verir, hələ təşəkkür də edirlər.
Polisin işi daha çətindir. Amma məhkəmə-hüquq sisteminin bərbad vəziyyəti polisdən də şikayət etməyi əsasən perspektivsiz edir. Bununla belə, polis oturduğu yerdə pul qazana bilmir. “Hərəkət” eləməlidir. Az-maz biliyin, bir də həyasızlığın olmalıdır.
Vergi sahəsi gömrük işindən də, polis fəaliyyətindən də çətindir. Mürəkkəb sahədir. Vergi ödəyicisi səni məhkəməyə də verə bilər, uda da bilər. Hər şey də elektronlaşıb. Gəl indi belə vəziyyətdə “çak-çuk” et də! Çox çətindir! Ona görə də vergi işçisi olmaq üçün savad və nisbətən dürüstlük tələb olunur. Odur ki, əksəriyyət üçün maraqlı deyil. Buna görə vergi akademiyası da yoxdur...
P.S. Bu məsələni əvvəllər də bir neçə müsahibəmdə vurğulamışam. Odur ki, sırf son hadisələrlə bağlı deyil. Sadəcə demək istəyirəm ki, gömrük sahəsində kökündən dəyişklik edilməlidir. Yanaşma fərqli olmalıdır. Əlahiddə qurum kimi qalmasına da ehtiyac yoxdur...