Vaxt.Az

SSRİ sevdalılarının cəfəng yalanları


 

Primakov Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdi

SSRİ sevdalılarının cəfəng yalanları 20 Yanvar Bakı qırğınını guya sovet rəhbərliyinin deyil, xaricdən olan qüvvələr tərəfindən törədilməsi barədə əcaib mövqelərə rast gəlirəm. Belə komplo yanaşmaya inananlar da var. Hətta rus canişini, məşhur KQB “ulduzu” Yevgeni Primakovun Bakıda guya qanlı hadisələrin qarşısını almaq cəhdi barədə cəfəng yalanlar da uydurulur.

Sizə tanınmış jurnalist Nadejda İsmayılovanın 14 yanvar 1990-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində keçirilən iclasla bağlı qeydlərini təqdim edirəm. 

“14 yanvarda birinci katib Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq  çıxış edənlərin sözünü kobud formada kəsirdi.  Ali Sovetin sədri Elmira Qafarova bildirirdi ki, vəziyyət çox kritikdir. Spiker deyirdi ki, Xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılıqlı anlaşma əldə olunacaq. Primakov isə cavabında “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu. 

İclasda Büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyətin normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?”.

Yanvarın 18-də Primakov Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək, şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. 

Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. 

Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.

SSRİ rəhbərləri Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdilər.

 





17.07.2022    çap et  çap et