Vaxt.Az

Lənkəranlı məktəbli niyə döyülüb?


 

İcra başçısının müavinilə bağlı araşdırma başlanıb

Lənkəranlı məktəbli niyə döyülüb? Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın qızının sinif yoldaşını döyməsi iddiası üzrə prokurorluqda araşdırmalar başlayıb. Bu barədə iyulun 17-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Uşaqları” ictimai birliyinin sədri Kəmalə Ağazadə iyulun 15-də sosial media hesabında məktəbli qızın üzərində döyülmə izləri olan fotosunu yayıb. 9-cu sinif şagirdi olan qızın Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən döyüldüyünü iddia edib.

“Məktəblini attestatı vermək adıyla evə çağırıb, orada ona qarşı fiziki zorakılıq ediblər. Səbəb isə Rəsilə Əliyevanın qızının telefonundan sevdiyi oğlana mesaj yazması olub.

Deyilənə görə, öz qızını da döyüb. Amma bu biri uşaq qədər yox...”, - Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bu məlumatı zorakılığa məruz qalmış məktəblinin xalası vasitəsilə əldə edib.

Lənkəran rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə bu məlumat yayılandan az sonra açıqlama verərək, deyilənləri təkzib edib.

“İcra başçısının müavini Rəsilə Arifqızı tərəfindən məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır. Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda şöbədə araşdırma aparılır”, – icra hakimiyyətindən bildirilib.

Ardınca icra başçısının müavini özü də açıqlama yayaraq bildirib ki, fotosu yayılan yeniyetmə onun qızı ilə eyni sinifdə oxuyur. Rəsilə Əliyeva iddia edib ki, həmin qız sinif yoldaşlarının, o cümlədən onun övladının adından mesajlar yazıb:

“Mənim qızımın və sinif yoldaşı olan digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Bundan xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Həmin videoları yeniyetmənin valideynlərinə göndərdim”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən məsələ ilə əlaqədar Lənkəran rayon prokurorluğunda araşdırma gedir.

“Hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb. Məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarlar qəbul ediləcək. İctimaiyyət də məlumatlandırılacaq”, – prokurorluqdan bildirilib.

 





17.07.2022    çap et  çap et